“Azərbaycan dövləti dünyəvi, sekulyar dövlətdir. Bu baxımdan xalqın, millətin, hər bir fərdin gələcəyini təmin edən təhsil kimi prioritet sahədə mütləq şəkildə dünyəvilik prinsipi tətbiq olunmalıdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.
“Şagird məktəbə daxil olarkən, istər geyim baxımından, istər dini inanc baxımından özünü digərlərindən fərqli hiss etməməlidir. Dünyəvilik prinsipinin əsasını bu təşkil edir və sonrakı proseslər artıq növbəti mərhələlərdə həyata keçirilir”, - Orxan İsayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda tarixən multikultural dəyərlər, tolerantlıq, dinlərarası dözümlülük gözlənilib.
Orxan İsayev qeyd edib ki, təhsil müəssisələrində heç bir ayrı-seçkilik olmamalıdır.
O bildirib ki, kənar qüvvələr xalqın müəyyən bir qisminin dini inanclarını manipulyasiya edərək onları cəhalətə sürükləyir.
“Hər bir vətəndaş dövlətin qanunlarına və qaydalarına riayət etməlidir. Çünki təhsil dövlətçiliyimizin, cəmiyyətin gələcəyini təmin edən önəmli sahələrdən biridir”, - Orxan İsayev əlavə edib.