Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
Ana Sayfa > Karusel / Sosial > “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”

“Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”


Bu gün, 16:47. Yazar: Admin

qizim-iki-ilden-coxdur-komadadir-ekspertiza-neticeleri-saxtalasdirilir

“2 il əvvəl fevralın 21-də Bakı Sağlamlıq Mərkəzində baş verən hadisədən sonra mənim 11 yaşlı qızım Xədicə əvvəlki Xədicə olmadı. İki ildən artıqdır ki, səssiz və hərəkətsiz vəziyyətdədir, həyatının son aylarını yaşayır...” 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya 2024-cü ildə diş plombu qoyulması məqsədilə həkimə aparılan və sonradan komaya düşən qızın atası Zamin Babayev bildirib.

Valideyn iddia edir ki, övladı həkim səhlənkarlığının qurbanı olsa da, illərdir aidiyyəti qurumlar məsələni düzgün araşdırmır, ekspertiza nəticələri saxtalaşdırılır: “2 il əvvəl uşağın dişinin müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzinə yaxınlaşmışdıq. Bildirmişdik ki, rahat olsun deyə sedasiya üsulu ilə müalicə istəyirik. Anesteziya həkimi Amanova Fərəh Mahir qızı bizə heç bir məlumat vermədən, risklər izah olunmadan, “informed consent” deyilən sənədi imzalatmadan uşağı intubasiya edib, narkoz verib.

Övladım narkozdan əvvəl pediatr, kardioloq yoxlanışından keçirilməyib, qanın ümumi analizləri götürülməyib. Əgər qan analizləri olsaydı, çekləri bizə göndərərdilər ki, ödəniş edək. Onların heç biri yoxdur. Bizə indi çatan məlumatlara görə, intubasiya borusu mənim övladımın mədəsinə düşüb, ciyərlərinə yox. 

Daha sonra isə həkim onu nəzarətsiz qoyub. Stomatoloq diş prosedurlarını həyata keçirdiyi zaman 15-20 dəqiqədən sonra ikinci, üçüncü dişin restavrasiyasını edəndə baxıb ki, uşaq göyərir, dişindən də qan gəlmir. Səs-küy salıb, həmin həkim panika ilə yaxınlaşıb, görüb ki, kardiyak arrestdir və müdaxilə əvəzinə yuxarı mərtəbədə əməliyyatda olan baş anestezioloq Nərminə Quliyevanı zəng edərək köməyə çağırıb”. 

Şikayətçinin sözlərinə görə, vəziyyəti 3 dəqiqəyə bərpa etdikdə insan həyata qayıda bilir. Əks halda, beyinə qan getmir, neyronlar qansız və oksigensiz qalıb məhv olur: “Mənim övladımı məhv eləyib boğublar. Özlərini itirib xəstəxananın baş reanimatoloqu Rauf Paşayevi dəvət ediblər və o elektroşokla uşağın ürək fəaliyyətini bərpa edib. Sonradan bütün sənədlər saxtalaşdırılıb. Ləman Əliyeva adında tibb bacısı istintaqa ifadəsində bildirib ki, Xədicədən qan analizləri götürülüb və o götürülmüş nümunələri laboratoriyaya aparıb. Dəhlizdəki videogörüntülərə baxarkən üzə çıxır ki, Ləman Əliyeva, ümumiyyətlə, otaqdan çıxmayıb. Analizlər olsaydı, qəbzlər olardı və bizdən ödəniş alardılar. Orada pediatrik və kardioloji baxış barədə iz itirmək üçün yazılanlar saxtadır. Həmçinin qan analizi nömrələrində uyğunsuzluqlar var, ekspertiza rəyləri saxtalaşdırıb. 

Bu məsələdə stomatoloqun heç bir günahı yoxdur, o, öz üzərinə düşəni edib. Bu işin arxasında dayanan adamlardan biri Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov, digəri də Elxan Hacıyev adlı baş həkimdir. 

Anestezioloq Fərəh Amanovanın əslində həkim kimi sertifikatı yoxdur. Bununla bağlı mənim vəkilim Əli Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna sorğu göndərib. Məlum olub ki, 2024-cü il fevralın 21-də bu hadisə olub, Fərəh Amanovaya isə ayın 19-na sertifikat “düzüb-qoşublar”. İnstitutdan cavab gəlib ki, Fərəh Amanovanın sertifikasiya öncəsi Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kursu keçdiyi barədə heç bir məlumat yoxdur. Yəni o adam təlimdə olmayıb. Təlimdə olmayıbsa, iki dəfə qəbulunda olduğum səhiyyə nazirinin müavini İlqar Qasımovun imzası ilə sertifikatı Səhiyyə Nazirliyi nəyə əsasən verib? Bunu açıqlasınlar”. 

Şikayətçinin sözlərinə görə, ekspertiza rəylərində uşağın anafilaktik şok keçirdiyi deyilir: “6 dəfə ekspertiza olub, 6 dəfənin 6-sında da rüşvət qarşılığında özlərini sudan quru çıxarıblar. Guya anafilaktik şoka hansısa psixotrop dərman qəbulunun səbəb olduğunu əsas gətirirlər. Halbuki zamanında psixotrop dərmanları yazan həkim İkram Rüstəmov müsahibə verərək demişdi ki, ümumiyyətlə, bu dərmanların anesteziya ilə hansısa reaksiya verəcəyi ehtimalı belə yoxdur. Digər tərəfdən, rəylərin birində deyilir ki, dərmana qarşı reaksiya verib, başqa bir vəkil sorğusuna cavabda isə həmin dərmanın psixotrop dərmanlar qrupuna aid olmadığı qeyd olunub. Deməli, özləri öz rəylərinin dolayısıyla saxta olduğunu etiraf eləmiş olurlar. 

Biz həmin il fevralın 17-si və ya 18-i həkim qəbulunda olmuşuq, 4 gündə hələ reseptləri almamışdıq. Qızımın sonuncu dəfə dərmanları 2023-cü ilin mayında bitib, 2024-cü ilin fevralında həmin dərmana reaksiya verə bilərmi? Doğrudur, uşağın allergiyası var idi. Lakin əvvəl də narkoz alıb, adenoiddən əməliyyat olunub. Komaya girəndən sonra da 17 dəfə narkoz alıb. Bəs necə olub ki, onda reaksiya verməyib?”

Z.Babayev bu hadisəyə görə Baş prokurorun, Bakı şəhər prokurorunun, Nərimanov rayon prokurorunun, həmçinin səhiyyə naziri və müavininin qəbulunda olduğunu deyir. 

Sadalanan ittihamlarla bağlı Bakı Sağlamlıq Mərkəzinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

İddialarla əlaqədar Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa da sorğu ünvanlanıb.  


Geri dön