Ukrayna Silahlı Qüvvələri Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən “Qazprom neftkim Salavat” neft emalı və neft-kimya kompleksini vurduğunu açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş qərargahı “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verib.
Bildirilir ki, “Qazprom neftkim Salavat” Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən biridir. Müəssisə ildə 10 milyon tona qədər karbohidrogen xammalını emal etmək gücünə malikdir.
Kompleksdə avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen və digər neft-kimya məhsulları istehsal olunur.
Ukrayna tərəfi müəssisənin Rusiya ordusunun ehtiyaclarının təmin olunmasında istifadə edildiyini bildirib.