Ana Sayfa > Karusel / Region > Paşinyan: Ermənistan Rusiya ilə dəmir yolları üzrə sazişi ləğv edə bilər

Paşinyan: Ermənistan Rusiya ilə dəmir yolları üzrə sazişi ləğv edə bilər


Bu gün, 20:57. Yazar: Admin

Paşinyan: Ermənistan Rusiya ilə dəmir yolları üzrə sazişi ləğv edə bilər

Ermənistan hökuməti Rusiya ilə ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunmasına dair sazişi ləğv etmək üçün hüquqi əsaslara malikdir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Infocom”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hökumətin konsessiya sazişinin ləğvi üçün həm lazımi vasitələri, həm də hüquqi əsaslandırması var.

Paşinyan qeyd edib ki, bununla bağlı siyasi qərar qəbul edilərsə, sazişin ləğvi mümkündür.

“Bizdə konsessiya sazişini ləğv etmək üçün hüquqi əsaslar var. Məsələ siyasi qərardadır”, – Paşinyan deyib.

Bununla belə, Ermənistan hökumətinin bu yola getmək istəmədiyini bildirən Baş nazir məsələnin dostluq yolu ilə həllinə üstünlük verdiklərini vurğulayıb.

“Biz bu yolla getmək istəmirik. Dostluq yolu ilə irəliləmək istəyirik. Rusiyalı tərəfdaşlarımızdan konsessiya hüququnu həm Rusiya, həm də Ermənistan üçün məqbul olan üçüncü ölkəyə satmalarını xahiş etmişik”, – o qeyd edib.

Qeyd edək ki, Ermənistanın dəmir yolu sistemi 2008-ci ildən “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” tərəfindən idarə olunur. Konsessiya müqaviləsi 30 il müddətinə bağlanıb və daha 10 il uzadılma imkanı nəzərdə tutur.


Geri dön