Azərbaycan və Böyük Britaniya arasında insanlararası əlaqələrin inkişafı üçün iki ölkə arasında birbaşa səfərlərin sayının artırılmasına ehtiyac var.
Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
“Əgər insanlararası əlaqələrdə uğur əldə etmək istəyiriksə, iki ölkə arasında daha çox birbaşa səfərlərin olmasını təmin etməliyik. Bu mesajı çox aydın şəkildə qəbul etdim. Ölkələrimiz arasında turizmin həcmini artırmalıyıq”, – nazir deyib.
Onun sözlərinə görə, daha çox Britaniya şirkətinin Azərbaycana, Azərbaycan biznesinin isə Böyük Britaniya bazarına gəlməsi üçün şərait yaradılmalıdır.
Lord Anas Sarvar iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin də intensivləşdirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan nazirlərinin Böyük Britaniyaya səfərləri üçün “açıq dəvət”in olduğunu bildirib.
Nazir təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini də prioritet istiqamətlərdən biri adlandırıb. Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanın təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, səhiyyə, innovasiya və insan kapitalının inkişafına töhfə verə bilər.
O, həmçinin Azərbaycan şirkətlərinin London kapital bazarında iştirakının artırılmasında maraqlı olduqlarını bildirib.
“Mən Londonda listinq olunan daha çox Azərbaycan şirkəti görmək istəyirəm. Bu, səhər Prezidentinizlə müzakirə etdiyimiz istiqamətlərdən biridir və biz bu sahədə əməkdaşlığın daha da inkişafını gözləyirik”, – Lord Anas Sarvar vurğulayıb.
Britaniyalı nazir kənd təsərrüfatı, qida və içki sənayesini də ticarət əlaqələrinin genişləndirilməsi üçün perspektivli sahələr kimi qeyd edib.
Lord Anas Sarvar sonda Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq üzrə razılığın əldə edilməsindən məmnunluğunu ifadə edib və sənədin Azərbaycan Prezidenti ilə Böyük Britaniyanın Baş naziri tərəfindən imzalanmasını gözlədiyini bildirib.