Böyük Britaniya Azərbaycanla investisiya əlaqələrinin hər iki istiqamətdə genişləndirilməsində maraqlıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, strateji tərəfdaşlığın əsas istiqamətləri müdafiə, innovasiya və iqtisadi artımı əhatə edir. Energetika, təhsil, infrastruktur və təhlükəsizlik də bu əməkdaşlığın mühüm elementlərindəndir.
Lord Anas Sarvar xatırladıb ki, Böyük Britaniyanın müdafiə sahəsi üzrə rəsmisi Lord Coaker bir neçə gün əvvəl Bakıda olub və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.
“Bu gün isə diqqətimizi iqtisadi münasibətlərə – iqtisadi artımı necə dəstəkləyə, innovasiyaları necə təşviq edə və hər iki ölkəyə investisiyaları necə cəlb edə biləcəyimizə yönəldirik. Bunun üçün çox güclü təməlimiz var”, – nazir bildirib.
O qeyd edib ki, Britaniya şirkətləri 30 ildən artıqdır Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır və BP bu əməkdaşlığın ön sıralarında yer alır. Britaniya investisiyaları və təcrübəsi Azərbaycanın enerji resurslarının işlənilməsinə, beynəlxalq bazarlara çıxış imkanlarının yaradılmasına və ölkənin Avropanın enerji təhlükəsizliyində rolunun güclənməsinə töhfə verib.
Nazir Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olaraq qaldığını vurğulayıb. Bununla yanaşı, investisiyaların artıq hər iki istiqamətdə artdığını bildirib.
“Biz məhz belə ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirmək istəyirik: Britaniya şirkətləri Azərbaycana investisiya qoyaraq uğur qazansın, Azərbaycan şirkətləri isə Böyük Britaniyaya investisiya yatıraraq uğurlu fəaliyyət göstərsin”, – Lord Anas Sarvar deyib.
Lord Anas Sarvar həmçinin əməkdaşlığın ənənəvi istiqamətlərdən kənara çıxarılmasının vacibliyini qeyd edib. O, “Chapman Taylor” şirkətinin Azərbaycandakı iri layihələrdə Britaniya dizayn təcrübəsini tətbiq etdiyini, “Anglo Asian Mining”in ölkədə uzunmüddətli fəaliyyət göstərdiyini, “Entrust”un isə Azərbaycanın rəqəmsal və kibertəhlükəsizlik sektoruna töhfə verdiyini vurğulayıb.
Nazir hökumətlərarası və biznes əlaqələri ilə yanaşı, iki ölkənin şəhərləri və insanları arasında münasibətlərin də daha da gücləndirilməsinin vacibliyini bildirib.