Azərbaycanın uzunmüddətli iqtisadi artımının sürətləndirilməsi üçün özəl sektorun inkişafını dəstəkləyən struktur və institusional islahatların davam etdirilməsi vacibdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə baş ölkə iqtisadçısı Steve Loris Gui-Diby Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
O, Azərbaycanın iqtisadi artım tempinin Qazaxıstan və Özbəkistanla müqayisədə daha aşağı olması ilə bağlı suala cavabında qeyd edib ki, ölkələrin iqtisadi göstəricilərini müqayisə edərkən onların iqtisadi strukturlarındakı fərqlər nəzərə alınmalıdır.
Gui-Diby bildirib ki, Qazaxıstan Azərbaycan üçün müəyyən mənada müqayisə edilə bilən ölkədir, çünki hər iki iqtisadiyyatda təbii resurslar mühüm rol oynayır. Bununla belə, Qazaxıstanda yüksək iqtisadi artımla yanaşı yüksək inflyasiyanın da müşahidə edildiyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan üçün əsas istiqamətlərdən biri iqtisadiyyatın diversifikasiyasını davam etdirməklə neft-qaz sektorundan asılılığın azaldılmasıdır.
Dünya Bankının rəsmisi Özbəkistanda son illərdə geniş islahatların həyata keçirildiyini qeyd edərək, Azərbaycan üçün də növbəti mərhələdə özəl sektorun fəaliyyət imkanlarını genişləndirən islahatların əhəmiyyət daşıdığını bildirib.
Gui-Diby qeyd edib ki, bu çərçivədə birbaşa xarici investisiyaların cəlbi, investorların fəaliyyətinin asanlaşdırılması və qorunması, investisiyaların təşviqi, eləcə də bazara girişlə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər görülə bilər.
O, iqtisadi artımın digər mühüm istiqamətinin məhsuldarlıq olduğunu bildirib. Dünya Bankı hazırda Azərbaycanda şirkət və sektorlar üzrə məhsuldarlığın, əmək və kapitalın daha məhsuldar sahələrə yönəlməsi imkanlarının təhlili üzərində işləyir.
Gui-Diby uzunmüddətli artım baxımından Dünya Bankının yanaşmasında üç “I” – investment (investisiya), infusion (texnologiya və biliklərin mənimsənilməsi) və innovation (innovasiya) amillərinin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, infrastruktur investisiyalarından sonra növbəti mərhələdə xarici investisiyalar və bilik transferi vasitəsilə texnologiyanın mənimsənilməsinin genişləndirilməsi, daha sonra isə innovasiya potensialının artırılması uzunmüddətli iqtisadi artımı dəstəkləyə bilər.