Yunanıstan və ABŞ oktyabrın 7-də ABŞ dövlət katibi Marko Rubio-nun Afinaya səfəri zamanı üç sənəd imzalayacaq.
Qarabaginfo.az xəbər verri ki, Afina-Makedoniya Xəbər Agentliyinin məlumatına görə, Rubio səfər çərçivəsində Yunanıstan-ABŞ Strateji Dialoqunun altıncı raundunda iştirak edəcək.
Tərəflər eramızın XV əsrinədək olan müəyyən kateqoriyalı arxeoloji və etnoloji materialların idxalına məhdudiyyətlərin tətbiqi ilə bağlı Anlaşma Memorandumunun müddətini uzadacaqlar.
Bundan başqa, Yunanıstan Silahlı Qüvvələri ilə Florida Milli Qvardiyası arasında əməkdaşlığın qurulmasına dair niyyət məktubunun imzalanması nəzərdə tutulur.
Tərəflər, həmçinin 1978-ci il Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkməsi haqqında Beynəlxalq Konvensiyaya (STCW) uyğun olaraq dənizçilərin peşə səriştəsi sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu imzalayacaqlar.
Agentliyin məlumatına görə, sonuncu sənədin məqsədi dənizçilərin işlə təmin olunmasını asanlaşdırmaq və Yunanıstanla ABŞ arasında dənizçilik təhsili və hazırlığı sahəsində əməkdaşlığı gücləndirməkdir.