Dünyada geosiyasi vəziyyət getdikcə daha gərgin və proqnozlaşdırılması çətin olur. Belə bir şəraitdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının Ermənistanın Konstitusiyasında dəyişiklik gözlənilməklə təxirə salınmasına ehtiyac yoxdur.
Qarabaginfo.az bildirir ki, bu fikirləri politoloq Sidqi Şövkət paylaşımında qeyd edib.
Politoloqun sözlərinə görə, beynəlxalq hüquq bu məsələdə kifayət qədər aydın təminatlar verir.
“Beynəlxalq hüquq bunun üçün kifayət qədər aydın təminatlar verir. Vyana Konvensiyasının beynəlxalq müqavilələr hüququ haqqında 27-ci maddəsində birbaşa müəyyən edilir ki, dövlət beynəlxalq müqaviləni yerinə yetirməməsinə bəraət qazandırmaq üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. 26-cı maddə isə pacta sunt servanda – müqavilələrin vicdanla yerinə yetirilməsi prinsipini təsbit edir”, – deyə Şövkət bildirib.
BMT-nin Vyana Konvensiyasının 1969-cu il mətnində 26-cı maddə qüvvədə olan hər bir müqavilənin tərəflər üçün məcburi olduğunu və onun vicdanla icra edilməli olduğunu müəyyən edir. 27-ci maddəyə əsasən isə tərəf müqaviləni yerinə yetirməməsinə əsas kimi daxili qanunvericiliyinin müddəalarını irəli sürə bilməz.
“Konstitusiyaya istinad əsas ola bilməz”
Politoloq hesab edir ki, sülh sazişi imzalandıqdan, Ermənistan Konstitusiya Məhkəməsində nəzərdən keçirildikdən, ratifikasiya olunaraq qüvvəyə mindikdən sonra Ermənistan Konstitusiyasına və ya İstiqlal Bəyannaməsinə istinad edilməsi öz-özlüyündə beynəlxalq öhdəliklərdən imtina üçün əsas ola bilməz.
Onun fikrincə, beynəlxalq müqavilənin qüvvəyə minməsi tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur və həmin öhdəliklərin yerinə yetirilməsi beynəlxalq hüququn prinsipləri ilə tənzimlənir.
Şövkət qeyd edib ki, hazırkı geosiyasi şərait sürətlə dəyişir və dövlətlər üçün bu dəyişikliklərin yaratdığı imkanları nəzərə almaq vacibdir.
“Dünya bu gün çox sürətlə dəyişir. Bu gün beynəlxalq müqavilə ilə təmin edilə bilən məsələni hər zaman sabaha saxlamaq lazım deyil”, – deyə politoloq vurğulayıb.
Onun fikrincə, Azərbaycan üçün əsas məsələ sülh prosesində əldə edilə biləcək razılaşmaların beynəlxalq hüquqi çərçivədə rəsmiləşdirilməsidir.
Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru Sidqi Şövkət Azərbaycanın sabiq dövlət katibi, Liberal Partiyanın yaradıcısı olmuş Lalə-Şövkət Hacıyevanın oğludur.
