Müdafiə sektorunda kibermüdafiənin vəziyyəti kifayət qədər qənaətbəxşdir.
Qarabaginfo.az xəbər verir ki, bunu "ADEX 2026"-da Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektoral görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov deyib.
O bildirib ki, müdafiə sektorunda müşahidə olunan kiberfiziki təhdidlər narahatlıq səviyyəsini daha da artırır və rəqəmsal transformasiyanın inkişafı özü ilə yeni təhdidlər gətirir.
“Geosiyasi dəyişikliklər və münaqişələr göstərir ki, hərbi obyektlər də kibertəhdidlərin hədəfindədir. Hərbi texnikaların logistik hərəkətinin izlənməsi halları artıb. Müdafiə sektorunda daha uzunmüddətli xarakter daşıyan təhdidlər mövcuddur. Burada düşmən və ya rəqibin əsas motivasiyası məlumatlar, xüsusilə də məxfi məlumatların əldə edilməsidir”, - general-mayor qeyd edib.
Davud Rüstəmovun sözlərinə görə, müdafiə sektorunda fəaliyyət göstərən bədniyyətli aktorlar digər sektorlardakı kibertəhdid subyektlərindən fərqlənir.
“Müdafiə sahəsində bədniyyətli aktorların arxasında adətən dövlətlər dayanır”, - o vurğulayıb.
Davud Rüstəmov vurğulayıb ki, Azərbaycanda kibermüdafiənin səviyyəsi yüksəkdir: “Xoşbəxtlikdən indiyə qədər müdafiə sektorunda heç bir kiberinsident qeydə alınmayıb. Çatışmazlıqların aradan qaldırılması istiqamətində kollegial fəaliyyət uğurlu olub. Müdafiə sektorunda kibermüdafiənin vəziyyəti kifayət qədər qənaətbəxşdir. Bu, həqiqətən də belədir”.
Davud Rüstəmov testlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq hər bir təşkilatda, hətta kiçik müəssisələrdə belə, informasiya texnologiyalarının təhlükəsizliyinin yoxlanılması üzrə test laboratoriyalarının yaradılmasının effektiv olduğunu bildirib.