Ana Sayfa > Karusel / Gündəm > Korrupsiya ipindəki düyünlər: Əli Həsənovun aqibəti necə olacaq...

Korrupsiya ipindəki düyünlər: Əli Həsənovun aqibəti necə olacaq...


5-02-2021, 13:07. Yazar: Admin

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsilə çözülməyə başlayan “korrupsiya ipindəki növbəti düyün” 1998-2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmış Əli Həsənov ola bilər. Bir vaxtlar daha çox nəvəsi Nail Allahverdiyevin “şıltaqlıqları” ilə gündəmi zəbt edən cənab Həsənovun iki il əvvəl vəzifədən uzaqlaşdırılması, onu törətdiyi əməllərin məsuliyyətindən uzaqlaşdırmağa qadir deyil. Odur ki, ehtimallar belə deməyə əsas verir ki, digər sabiqlər kimi, “Dövlətqaçqınkom”in keçmiş sədri Əli Həsənovun da büdcəyə vurduğu milyonlarla ziyanı ödəyəcəyi gün çox uzaqda deyil...

 

Hüquqşünas, sabiq deputat Çingiz Qənizadə bildirib ki, bəzi məmurlar hələ vəzifədə olarkən, onlara qarşı ictimai rəy mənfi idi:


“Çünki onlar kifayət qədər dəbdəbəli həyat tərzi keçirir, lüks avtomobillərdə gəzir, lüks bağlarda dincəlirdirlər. Bunlar məmura yaraşmayan hərəkətlərdir. Bir növ özlərinin bahalı həyat tərzini nümayiş etdirirdilər. Təbii olaraq bunlar insanları qıcıqlandırırdı. İctimaiyyət biləndə ki, hansısa nazirin oğlunun, nəvəsinin maşın kolleksiyasının dəyəri milyonlarladır, təbii ki, dərhal rüşvət və korrupsiya yada düşürdü və mətbuatda işıqlandırılırdı. Bunun mənbəyini sadə xalq belə bilirdi. Bilirdi ki, söhbət rüşvətdən, talanan büdcədən, korrupsiyadan gedirdi.

Amma nə qədər ki, məsələyə hüquqi qiymət verilməyib, biz heç kəs barədə bunu deyə bilmərik. Çünki təqsirsizlik prezumpsiyası anlayışına ziddir. Əgər rəsmi qurumlar kiminsə barəsində istintaq hərəkətləri edir və bunu açıqlayırlarsa, o zaman fikir bildirmək olar. Bir ictimai rəy var, bir də hüquqi qiymət var. Amma son həbslər, xüsusilə “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun həbsi göstərir ki, rəsmi qurumlar tərəfindən kifayət qədər ciddi işlər aparılır. Onun gəlirləri ən azı 5-10 nazirin gəlirlərindən də yüksək idi. Amma o, hansısa gözəgörünməz qüvvənin qayğısı ilə əhatə olunmuşdu. Azərbaycan iqtisadiyyatına, Azərbaycan biznesinə və dövlətə kifayət qədər zərər vurur, inhisarçılıq yaradırdı. Amma sonda həbs olundu. Olsun sabiq nazir Səlim Müslümov. Hazırda istintaq gedir, nə qərar veriləcək, onu zaman göstərəcək. Amma görünən odur ki, vəzifədən azad olunmaqla canını qurtarmış hesab edənlər yanlış düşünürlər”.

 


Ç.Qənizadə hesab edir ki, keçmişdə, yaxud indi vəzifə sahibi olan istənilən şəxs  barəsində hansısa qanun pozuntusu ilə bağlı faktlar tapmaq olar:

 

“Amma bunun dərəcəsi və vurduğu zərərin miqdarı daha önəmlidir. Kiminsə kiçik nöqsanını “iş olan yerdə nöqsan olar” prinsipini əsas götürüb ona göz yummaq olar. Amma kimsə vəzifəsindən sui-istifadə edib, xüsusilə büdcəni külli miqdarda talayıbsa, korrupsiyaya qurşanıbsa, rüşvət alıbsa, təbii ki, o bunun bədəlini ödəməlidir.

Etimad göstərilib vəzifəyə təyin edilən məmur, qısa zamanda öz həyat tərzini, davranışını, qanunlara münasibətini mənfiyə doğru dəyişirsə, onu uzun müddət o vəzifədə saxlamaq məqsədəuyğun deyil. Vaxtında uzaqlaşdırılmalıdır. Amma təbii ki, bunu bütün məmurlara şamil etmək olmaz. Çünki vəzifəsinin öhdəsindən ləyaqətlə və vicdanla gələn məmurlarımız da var. Deyilənləri onların hamısına şamil etməklə yaxşıların haqqına girmiş olarıq”.

Modern.az


Geri dön