Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb


Bu gün, 21:15. Yazar: Admin

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.

MN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.

Beynəlxalq sərgi çərçivəsində Türkiyənin “ASELSAN”, “Baykar”, “Roketsan” və "TUSAŞ" hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.

 


Geri dön