Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici borcu təxminən 20 dəfə üstələyir.
“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Onun sözlərinə görə, digər vacib amil Azərbaycanın güclü maliyyə sisteminə malik olmasıdır.