ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrin dayandırılması məsələsini müzakirə edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
Rubio bildirib ki, həm Ukraynada, həm də Rusiyada enerji təchizatı ilə bağlı infrastruktura zərbələrin dayandırılması “əla ideya” olardı.
“Biz hesab edirik ki, enerji infrastrukturuna zərbələrin dayandırılması əla ideya olardı. Bu halda nə Ukraynadakı infrastruktur obyektlərinə, nə də Rusiyanın enerji təchizatı ilə bağlı obyektlərinə hücum ediləcək. Bu, ideal variantdır”, — Rubio qeyd edib.
Qeyd edək ki, Tramp bazar günü Zelenski ilə telefon danışığı aparıb. “Axios” nəşrinin mənbəsinin məlumatına görə, ABŞ Prezidenti Ukrayna liderindən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı yenidən xahiş edib. Məlumata görə, Tramp bu hücumların dünya bazarında dizel yanacağının qiymətinin artmasına səbəb olduğunu bildirib.