Ana Sayfa > Karusel / Gündəm / Müsahibə > "Şuşada eynək taxan adam görməzdiniz"- Kərim Kərimli

"Şuşada eynək taxan adam görməzdiniz"- Kərim Kərimli


4-02-2021, 12:17. Yazar: Admin

"Şuşada Hacıqulunun evi məşhurdu. 47 otaqdan ibarət mülk olub, 3 mərtəbəli. 19-cu əsrdə tikilib"
 
"Şuşada eynək taxan adam görməzdiniz. Şuşalılar Turşsuda üzlərini yuyurdular, suyu gözlərinə də çiləyirdilər. Ona görə gözlər ziyasını itirmirdi"
 
Şuşaya səyahətə çıxdıq. Yenə də şuşalı Kərim Kərimli ilə. O danışdı, mən qeydə aldım; sözlü, qələmli səyahət oldu. Bizi Şuşa yoluna istiqamətləndirən də məlumdu - Prezident İlham Əliyev və Prezidentin bir neçə gün öncə məmurlara sərt xəbərdarlığı,  “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar şəhəri yox!” nidası. Prezidentin o çıxışında bir çox məqamlar vardı: Şuşanın bərpası, şəhərin tarixi görkəminin özünə qaytarılması, Şuşanı Azərbaycan mədəniyyətinin beşiyi kimi tanıtmaq.
 
Şuşalıların evlərinə qayıdışı... Prezident Şuşanın bərpası ilə bağlı memarlardan, sənət adamlarından ibarət nümayəndə heyətinin əraziyə təhkim edildiyini, onların irəli sürəcəyi təkliflərin dəyərləndiriləcəyini də dedi. Bəs Şuşalılar nə düşünür? Əziz şəhərləri ilə bağlı təklifləri nədi? Jurnalist dostumuz, yazıçı-publisist Kərim Kərimli ilə bu haqda danışdıq. Öncədən bunu da deyim ki, Kərim bəylə hər dəfə Şuşa haqqında söhbət edəndə - fərqi yoxdu, bu, Şuşamızın mənfur düşmənin işğalında olduğu illər idi, yaxud zəfər çalmış, Şuşamızı düşmən tapdağından artıq azad etdiyimiz hazırkı qürurlu çağımız - Şuşanı ömründə bir dəfə də görməmiş adam da sanki şəhəri təpədən-dırnağa gəzib-dolaşır. Kərim Kərimli Şuşanı küçə-küçə, ev-ev, dalan-dalan tanıyır. Bəlkə də çox şişitrmə görünəcək, amma deyim; Kərim bəy  Şuşanın hansısa hasarından qopmuş daşı aparıb tam düşdüyü yerə qoyacaq Şuşada. Belə insanları Şuşanın bərpasına cəlb etmək lazımdı.
 
Mütləq lazımdı! Kərim Kərimli söhbətə şuşalılara xas giriş etdi: 
 
- Əvvəlcə bir lətifə danışım. Qəşəm Aslanov vardı. Şuşalılar hamısı onu tanıyır. “Raykom”un katibi idi. Çox da işlək adam idi. Civə kimi. Həm də sərt adam idi. Təsərrüfatları, nə bilim, fermaları qəfil yoxlayardı, kimin əyər-əskiyi var, bilsin. Şəhərdə ondan icazəsiz heç kim bir iş görə bilməzdi. Şuşanı qoruyurdu. Bir gün Qəşəm Aslanov Quşçuluq təsərrüfatının qarovulçusunu “imtahan” edir. Gedir qarovulçuya deyir ki, bəs, oğlumun toyudu, Bakıdan qonaqlar gələcək, mənə 25-30 yaxşı çolpa ver. Qarovulçu and-aman edir ki, sata bilmərəm. Bu üz vurur, o geri durur. Axırı, qarovulçu buna deyir ki, Qəşəm Aslanovun adını eşitmisən? O bilsə ki, mən burdan sənə çolpa satmışam, mənim də anamı ağladar, sənin də... Şuşanın ərazisinin zəbt edilməsi, orda hansısa tikililərin inşası, kimlərinsə Şuşaya “göz qoyması”, bunun hamısı kadrlardan asılıdı. Vəzifəyə təyin olunan məmurlar vicdanla, namusla işləsələr, heç kim Şuşada özbaşınalıq edə bilməz. Şuşada tikiləcək hər bir tikilinin, hər bir binanın, obyektin mütləq sənədi olmalıldır. Bütün tikililər sərəncam əsasında tikilməlidir. Prezident Şuşaya xüsusi nümayəndə təyin edib. Ondan da çox şey asılı olacaq. Rayon rəhbəri güclü olmalıdır və təzyiqlərin qarşısında dayanmağı bacarmalıdır. Yerli inzibati rəhbərlik Prezident tərəfindən onlara göstərilən etimadı doğrultmalıdı. İşğal illərində ermənilər Şuşada çox dağıntılar edib. Necə gəldi tikiblər, səliqəsiz, zövqsüz, necə gəldi. Ermənilər Şuşanın sahibi deyildilər. Özləri də bunu bilirdi və ona görə də şəhərin taleyi onları maraqlandırmırdı. Sənədsiz-sübutsuz tikinti aparırdılar. Amma biz Şuşanın sahibiyik. Şuşa bizim əzizimiz, doğmamızdı. Onun qədrini bilməliyik. 12 metrdən alçaq tikililərə sərəncamsız  icazə verilir. Amma 12 metrdən yüksək tikililər mütləq qaydada sənədləşmə əsasında aparılmalıdır. Hər tikili üçün texniki şərt tələb olunmalıdır. Bu gün üçün Şuşada 210 tarixi abidə rəsmi qaydada siyahıya alınıb. Şuşanın tarixi abidələri bundan qat-qat çoxdur. Amma dağılmış tarixi abidələr var. Hansılar ki, müəyyən hissəsi dağıdılıb, yeri, tikilmə tərsi bilinir, məlumdur, onlar əvvəlcə olduqları kimi bərpa edilməlidir. Məsələn, Şuşada Hacıqulunun evi məşhurdu. 47 otaqdan ibarət mülk olub, 3 mərtəbəli. 19-cu əsrdə tikilib. Təsəvvür edin, mülk nə böyüklükdə idisə, daxilində bir necə idarə, hətta müəssisə yerləşirdi. Deyirdilər, bu mülkün özülü qurğuşundan tökülübmüş. Sonra, Şuşanın Qala divarları. Bu qala divarlarının daşını Pənah xan İrandan gətirməmişdi ki! O qala yerli hörgü daşından tikilmişdi. Qala divarlarının da dağılmış yerləri var. Dağıntıya məruz qalmış hissələr yenə də yerli hörgü daşıyla bərpa edilməlidir. Üzeyir bəyin evinin bir hissəsi qalıb. Bu ev necə olub, fotoları da var, arxiv şəkilləri var, şuşalılar da bilir. O ev necə idisə, elə də bərpa edilməlidir. 
 
- Kərim bəy, Şuşanın tarixi simasının qaytarılmasında yəqin çətinlik olmayacaq. Siz deyən kimi, fotolar var, arxiv sənədləri, şuşalılar, şükür Allaha, salamatdılar, bilirlər. Məsələ həm də Şuşanın mədəniyyət paytaxtı kimi dünyaya tanıdılmasıdır... 
 
- Sözsüz. Əlbəttə. Mən tam əminəm ki, Şuşa bərpa olunduqca, dünyanın hər yerindən onu görməyə gələcəklər. Biz Şuşanın bəşəriyyətə hansı dahiləri bəxş etdiyini onlara göstərməli, bildirməliyik. Şuşada doğulan, Şuşanın yetişdirdiyi dahiləri sadalamağa qalxsaq, gecə düşər. Şuşada evi, baba ocağı olan dahilərin evləri mütləq bərpa edilməlidir. Üzeyir bəyi dedik. Məsələn, mən, Mir Möhsün Nəvvabın adını çəkmək istəyirəm. Bu insan dahi olub. Şair, musiqiçi, muğam bilicisi, muğamı araşdıran, astronom, bioloq, kimyagər, filosof. Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərində Qarabağda doğulmuş məşhur 100 şəxsin adı çəkilir. Bilirsiniz də, Nəvvab Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisi, “Məclisi-xanəndə” – musiqiçilər məclisi təşkil edirdi. Nəvvabın evi Şuşada məşhur idi. Bilmirəm, indi o ev durur, ya dağıllıb. Amma onu mütləq bərpa etmək lazımdı və dünyaya göstərmək lazımdı ki, Şuşada belə bir filosof yaşayıb. Əlbəttə, mən Şuşanın tarixi simasının mövcud olduğu kimi saxlanmasının, dağıdılmış abidələrin əvvəlki görkəminə qaytarılmasının tərəfdarıyam. Elə sənət sahələri var ki, onların  banisi Şuşada doğulub, orada yaşamış insanlardı. Onlar mütləq tanıdılmalıdır. Məsələn, Əhməd bəy Ağaoğlunun Şuşadakı ata-baba evi durur. O da bərpa olunmalıdır. Əhməd bəy Ağaoğlu kimdir, Azərbaycan üçün, türk dünyası üçün hansı xidmətləri olub, biz bilirik, başqalarına da bildirməliyik. Bu dahi şəxsiyyətlər haqqında Şuşaya gələn hər adam məlumat almalıdır. Hansı şəxsiyyətin evi, ata ocağı qalıbsa, bərpa edilməlidir. Evi, ata ocağı qalmayanlar da “Şuşa dahiləri” sırasında  yer almalıdır. 
 
- Səhv etmirəmsə, siz bir dəfə demişdiniz ki, Şuşa qəbiristanlığında araşdırma aparmısınız. Və orada 19-cu əsrin birinci yarısına aid erməni məzarı yoxdur. 
 
- Biz Şuşa qəbiristanlığındakı başdaşlarında həkk olunan doğum-vəfat tarixlərinə baxmışdıq. Məsələn, Mir Möhsün Nəvvabın doğum tarixi 1833-cü il göstərilir. Qarabağ xanı Pənahəli xan Cavanşirin ölüm tarixi 1763-cü il göstərilir. Düzdür, Pənahəli xanın məzarı İmarət qəbiristanlığındadı, yəni Şuşada deyil. Amma bunu ona görə deyirəm ki, nə Şuşa qəbiristanlığında, nə də Ağdam – İmarət qəbiristanlığında siz 18-ci əsrdə yaşayıb vəfat etmiş erməninin qəbrinə rast gələ bilməzsiniz. Erməni qəbirləri ancaq 19-cu əsrin ikinci yarısından və bir də 20-ci əsrə aid qəbirlər idi. O da vəfat tarixləri ancaq. Şuşada hansısa erməni “dahisi”nin heykəlinə də rast gəlməık mümkün deyildi. Çünki belə adamları yox idi. Kimin büstü vardı, “26 Bakı komissarları” arasında olan 2 erməni daşnakın. Vəssalam. Biz bilirik ki, ermənilər Qarabağa gəlmədir, amma bunu dəlillərlə, sübutlarla dünyaya göstərməliyik. Neçə il əvvəl, Almaniya səfirliyindən mənə zəng etmişdilər. Qarabağ, Şuşa barədə bəzi məlumatları soruşurdular, mən də cavab verirdim. Mənə dedilər ki, sizi səfirliyə dəvət edirik, gəlin, amma gələndə o kitabı da gətirin. Təəccüb etdim ki, hansı kitabı?! Dedilər, indi hansı kitabdan nümunələr gətirdiniz? Dedim, heç bir kitab yoxdu, bildiklərimi danışıram. Sonra daha dəvət etmədilər. Başa düşdüm ki, deməli, bunlar məlumatları, bilgiləri yazılı, kitab şəklində istəyirlər. 
 
- Siz Şuşa haqqında elə dəqiq məlumatlar verirsiniz ki, hesab ediblər yəqin hansısa kitaba istinad edirsiniz... Təvazökarlıq etməyin, amma Şuşanın bərpasında sizin kimi insanlar iştirak etməlidir. 
 
- Şuşanı tanıyanlar, ora bələd olanlar çoxdur. Prezident də çıxışında dedi ki, bu işə mütəxəssislər cəlb olunub, birbaşa cənab Prezidentin özünə məlumat verəcəklər, nə, harda, necə bərpa olunsun. Layihələr təqdim olunacaq. Yəni Şuşada pərakəndə, qaydasız inşaat aparılmayacaq. Bu, təbii ki, hamımızı sevindirir. 
 
- Başqa, siz Şuşada nələrin bərpa olunmasını təklif edərdiniz?
 
- Şuşada “Qarabağ” mehmanxanası vardı, qarşısında olduqca gözəl, sözlə tərifi mümkün olmayan dərəcədə füsunkar bağ vardı, adına “Güllü bağ” deyirdilər. O bağda vaxtilə Xan Şuşinskinin daim əyləşib qəlyan çəkdiyi skamya vardı. Şuşalılar bilirdilər ki, Xan əmi o skamyada əyləşərmiş, gəlib-keçənlər onunla ehtiramla salamlaşarmışlar. Mən çox istərdim ki, vaxtilə Xan əminin  əyləşib qəlyan çəkdiyi skamya yenə o bağa qoyulsun və qeyd edilsin ki, dünyada ən yüksək səs tembrinə  malik şəxsiyyət bu bağda dincəlib. Şuşa möcüzələri çoxdu. Şuşada Mineral Sular qalereyası vardı. Bir krandan buz kimi su axırdı, bir krandan kükürdlü su axırdı, başqa krandan bir ayrısı. Məşhur “Şırlan su” da Şuşada idi. Şuşanın Turşsuyu min dərdin dərmanı idi. Şuşada eynək taxan adam görməzdiniz. Şuşalılar Turşsuda üzlərini yuyurdular, suyu gözlərinə də çiləyirdilər. Ona görə gözlər ziyasını itirmirdi. Bayaq Mir Möhsün Nəvvabı xatırladıq. Deyilənə görə, Mir Möhsün Nəvvab təxminən Cıdır düzü tərəfdə, xüsusi bir hava dəhlizinin olduğunu kəşf edibmiş. Hər gün 1-2 saat o dəhliz üstündə əyləşərmiş. Günün müəyyən vaxtında Topxana tərəfdən əsən küləyin gətirdiyi havanı ciyərlərinə çəkərmiş. Deyirlər o hava insanı cavanlaşdırır. Sonra Şuşanın Paşalar kəndi var. Orda Əsgər dayının bağı məşhurdu. O bağda bəlkə də minlərlə gül-çiçək bitirdi. Bağa daxil olanda gül-çiçəyin ətri insanı bihuş edirdi. O bağa şuşalılar “İrəm bağı” deyirdilər. Demək istəyirəm ki, biz Şuşanı təkcə tar-kamança ilə tanıtmamalıyıq. Şuşa həm mədəniyyətimizin, incəsənətimizin beşiyi, həm də elmin, ürfanın beşiyi kimi tanınmalıdır. Və Şuşa həm də Azərbaycanın döyüş şöhrəti şəhəri olmalıdır. Şuşa Azərbaycan tarixində uğrunda qanlı müharibələr getmiş şəhərdir. Səhv etmirəmsə, Şuşa tarixində 3 qanlı müharibə görüb. Amma hamısında da biz qələbə çalmışıq. Ola bilsin, işğal müddətləri fərqli olsun, lakin nəticədə Şuşa həmişə Azərbaycanın olub, Azərbaycan qalib gəlib. Məsələn, adətən Ağa Məhəmməd Şah Qacarı istilaçı, işğalçı kimi qələmə verirlər; Qarabağ xanına məktub göndərdi, Molla Pənah Vaqif cavab yazdı, Şuşaya hücum etdi... Bunlar bəllidir. Amma Qacar da tarixi şəxsiyyətdir. Onunla bağlı da Şuşada xatirə olmalıdır. Bu tarixi də dünya bilməlidir. 
 
- Kərim bəy, Bakıda Zəfər muzey kompleksi olacaq. Belə təklif də var ki, Vətən müharibəsi igidlərimizin şərəfinə abidə ucaldılmalıdır.
 
- Mütləq belə abidə olmalıdır.  Mən tarix boyu Şuşa uğrunda gedən müharibələri elə-belə xatırlatmadım. Şusanın Döyüş Şöhrəti Muzeyi yaradılmalıdır və əlbəttə ki, Vətən müharibəsinin, Şuşanı düşmən tapdağından azad etmiş igidlərin, şəhidlərin xatirəsinə abidə ucalmaldır. Qoy Şuşaya gələnlər həm də bu Döyüş Şöhrəti muzeyinə tamaşa etsinlər. Şuşanın mərkəzi hissəsinin olduğu kimi bərpa ediləcəyinə şübhəm yoxdur. Amma şəhərin digər hissələrində, məhəllələrdə yaşamış şuşalıların evləri necə bərpa ediləcək, bilmirəm. Şuşadan 1 ailə çıxmışdısa, indi 1 ailə əvəzinə ən azı 2-3 ailə qayıdacaq.  O vaxt ermənilər Xankəndidən 18 minə yaxın azərbaycanlını evlərindən çıxarmışdılar. Onlar Şuşaya gəldilər. Onda Şuşa hələ işğal olunmamışdı. Bu insanları yerləşdirmək üçün “Yeni Xankəndi” qəsəbəsi salındı. Şuşalıların hamısı Şuşaya qayıdacaq, sözsüz. Fikrimcə, Şuşa ətrafında yeni qəsəbə də salına bilər. Çünki əhali artımı da nəzərə alınmalıdır.
 
Məlahət Rzayeva,
"Şərq" qəzeti

 


Geri dön