Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanındakı obyektlərə ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.
Qarabaginfo.az xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
Onun sözlərinə görə, husilər çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də PUA-lardan istifadə etməklə iki əməliyyat həyata keçiriblər.
“Birinci əməliyyatda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı xüsusi əhəmiyyətli obyektlər, ikinci əməliyyatda isə Yanbudakı “Saudi Aramco” şirkətinin obyektləri hədəfə alınıb”, – Yəhya Səriya bildirib.
Husilərin nümayəndəsi hər iki hücum nəticəsində genişmiqyaslı yanğınların baş verdiyini iddia edib. Səudiyyə Ərəbistanı tərəfinin hücumların nəticələri ilə bağlı açıqlaması barədə məlumat verilməyib.
Yəhya Səritanın sözlərinə görə, hücumlar Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. O iddia edib ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri F-15 və “Typhoon” qırıcılarından istifadə etməklə ümumilikdə 732 aviazərbə endirib.