Ana Sayfa > Karusel / Təhsil > Bəzi ixtisaslarda keçid balları 50-60 bal QALXIB

Bəzi ixtisaslarda keçid balları 50-60 bal QALXIB


Bu gün, 15:33. Yazar: Admin

Bəzi ixtisaslarda keçid balları 50-60 bal QALXIB

 

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Qəbulun yekunlaşmasından sonra diqqət çəkən məsələlərdən biri də ixtisaslar üzrə formalaşan keçid ballarıdır.

2025 və 2026-cı illərin qəbul nəticələrinin müqayisəsi keçid ballarında baş verən dəyişiklikləri, ən çox artım və eniş qeydə alınan ixtisasları müəyyənləşdirməyə imkan verir. Bu baxımdan, keçid ballarında ciddi fərqlərin hansı ixtisaslarda müşahidə olunduğu və bu dəyişikliklərin hansı amillərlə bağlı olduğu diqqət çəkir. 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, keçid ballarının artması və azalması əsasən abituriyentlərin imtahan nəticələrindən asılıdır.

Onun sözlərinə görə, hər hansı ixtisas qrupunda yüksək nəticə göstərən abituriyentlərin sayı çoxdursa, həmin istiqamətdə keçid ballarının artması gözləniləndir.

“Bunu IV ixtisas qrupunda aydın şəkildə gördük. 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çox olduğuna görə tibb ixtisası üzrə keçid balları yüksəldi. Artım təxminən 14-15 bal oldu və keçid balı 638-ə çatdı”.

Ekspert qeyd edib ki, II və III ixtisas qruplarında yüksək nəticə göstərənlərin sayının daha az olması bəzi ixtisaslarda keçid ballarının aşağı düşməsinə səbəb olub.

“Məsələn, III ixtisas qrupunda hüquq ixtisasında keçid ballarında təxminən 10 bala qədər azalma müşahidə olundu. Ümumilikdə, nəticələr yüksəkdirsə keçid ballarının artması, aşağıdırsa azalması ehtimalı yüksəlir. Bu tendensiya əvvəlcədən aparılan statistik təhlillərdə də görünürdü. IV qrupda balların artacağı, III qrupda isə yüksək bal tələb edən bəzi ixtisaslarda azalmanın olacağı proqnozlaşdırılmışdı”.

R.Nurəliyev Riyaziyyat-İnformatika alt qrupunda isə fərqli mənzərənin yarandığını bildirib.

“Bu alt qrupda abituriyentlərin sayı çox olduğuna görə aşağı ballı ixtisaslarda keçid ballarının artması müşahidə olundu. Yüksək ballı ixtisaslarda isə əksinə, keçid balları aşağı düşdü. Bunun səbəbi yüksək nəticə göstərənlərin sayının az, aşağı nəticə göstərənlərin sayının isə çox olmasıdır”.

Ekspert V ixtisas qrupunda da keçid ballarının azalmasına diqqət çəkib:

“Buraxılış imtahanının nəticələri ilə V ixtisas qrupuna müraciət edənlər arasında Dizayn, Bədən tərbiyəsi müəllimliyi və İdman Akademiyasının bəzi ixtisaslarında keçid ballarında azalma müşahidə edildi. Əvvəlki illərdə Dizayn ixtisasında qabiliyyət imtahanının nəticəsi əsas rol oynayırdısa, bu il buraxılış balı əsas götürüldü. Buraxılış imtahanındakı sualların çətinliyi nəticələrin aşağı düşməsinə, bu da avtomatik olaraq keçid ballarının azalmasına təsir etdi”.

R.Nurəliyev onu da əlavə edib ki, ümumilikdə ixtisaslar üzrə 50-100 ballıq kütləvi dəyişiklikdən danışmaq doğru deyil:

“Belə fantastik dəyişiklik ümumi mənzərə üçün xarakterik deyil. Amma III ixtisas qrupunun TC alt qrupunda təxminən 50 bal civarında ciddi artım müşahidə olundu. Xüsusilə Beynəlxalq münasibətlər ixtisaslarında keçid balları təxminən 50-60 bal yüksəldi. Ən ciddi artımlardan biri məhz TC alt qrupunda qeydə alındı”.


Geri dön