Ana Sayfa > Karusel / Təhsil > Məleykə Abbaszadə I kurs tələbələri üçün öz xatirələrini bölüşdü

Məleykə Abbaszadə I kurs tələbələri üçün öz xatirələrini bölüşdü


Bu gün, 15:31. Yazar: Admin

Məleykə Abbaszadə I kurs tələbələrinə müraciət etdi - öz xatirələrini bölüşdü

 

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan gənclərə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, Məleykə Abbaszadə birinci kurs tələbələrini təbrik edib, onlarla öz tələbəlik təcrübəsini bölüşüb və universitet həyatında diqqət yetirilməli məqamlardan danışıb.

DİM sədri 17 yaşında Moskvaya gedərək Moskva Dövlət Universitetində təhsil almağa başladığı dövrü xatırladıb. O bildirib ki, məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşsə də, universitetdə ciddi seçimlərdən keçmiş güclü tələbələrin əhatəsində olmaq onda əvvəlcə müəyyən tərəddüdlər yaradıb.

Abbaszadənin sözlərinə görə, yeni şəhər, yataqxana həyatı, məişət qayğıları, vaxt və maliyyənin düzgün bölüşdürülməsi, ailədən uzaqda yaşamaqla yanaşı, universitetdə tələb olunan böyük həcmdə materialları müstəqil şəkildə öyrənmək də yeni məsuliyyətlər yaradıb.

“O zaman öyrəndiyim vacib həqiqətlərdən biri bu idi: azadlıq məsuliyyətdən ayrılmazdır”, - DİM sədri qeyd edib.

Məleykə Abbaszadə müasir tələbələrin əvvəlki nəsillərlə müqayisədə daha geniş öyrənmə imkanlarına malik olduqlarını vurğulayıb. Onun sözlərinə görə, tələbələr dünyanın aparıcı universitetlərinin mühazirələrini dinləyə, elmi məqalələrə qısa müddətdə çıxış əldə edə və süni intellektdən öyrənmə vasitəsi kimi yararlana bilərlər.

Bununla yanaşı, DİM sədri tələbələri texnologiyadan istifadə zamanı müstəqil düşünmə bacarığını qorumağa çağırıb.

“Texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi - müstəqil düşünmək bacarığınızı ona verməyin”, - Abbaszadə bildirib.

O, tələbələrə özlərindən daha güclü insanlarla eyni mühitdə olmaqdan çəkinməməyi, sual verməyi, bilmədiklərini etiraf etməyi və fikirlərini əsaslandırmağı tövsiyə edib. DİM sədrinin fikrincə, daha güclü arqumentlə qarşılaşdıqda mövqeyi dəyişməyi bacarmaq da universitet illərində qazanılmalı mühüm keyfiyyətlərdəndir.

Abbaszadə səhvlərin də öyrənmə prosesinin bir hissəsi olduğunu bildirib. O qeyd edib ki, əsas məsələ səhvlərin insanın həyatını dağıtmaması, əksinə, təcrübəyə çevrilməsidir.

DİM sədri gənclərə həyatlarını sosial şəbəkələrdə gördükləri insanların həyatı ilə daim müqayisə etməməyi də tövsiyə edib. Onun sözlərinə görə, sosial şəbəkələr insanların həyatının yalnız seçilmiş hissələrini göstərir və tələbələrin əsas müqayisə nöqtəsi “dünənki özləri” olmalıdır.

Məleykə Abbaszadə universitet həyatının yalnız mühazirə və dərsliklərlə məhdudlaşmamasının vacibliyini də diqqətə çatdırıb. O, tələbəlik illərində dostluq, kitab, musiqi, idman, səyahət, tələbə layihələri, könüllülük fəaliyyəti və müstəqil qərarların da mühüm yer tutduğunu bildirib.

“Diplom bir gün yalnız hansı ixtisası bitirdiyinizi təsdiq edəcək. Amma daha vacib sual budur: bu illər ərzində siz necə bir insan oldunuz?”, - DİM sədri vurğulayıb.

Abbaszadə tələbələrə gələcəkdə universitet illərinə nəzər salarkən yalnız təhsil aldıqlarını deyil, həm də düşünməyi, seçim etməyi, özlərinə cavabdeh olmağı və gələcəkdən qorxmamağı öyrəndiklərini deyə bilmələrini arzulayıb.

DİM sədri birinci kurs tələbələrini qəbul münasibətilə bir daha təbrik edərək onlara uğurlar arzulayıb.


Geri dön