Avqustun son günləri Azərbaycan ailələri üçün yay tətilinin başa çatması ilə yanaşı, yeni xərclərin də başlanması deməkdir. Sentyabr yaxınlaşdıqca valideynlərin qarşısında eyni sual dayanır: uşağı məktəbə hazırlamaq üçün nə qədər pul lazımdır?
Məktəbli forması, ayaqqabı, çanta, dəftər-qələm, digər ləvazimatlar, əlavə vəsaitlər və hazırlıq kursları… Ayrı-ayrılıqda böyük görünməyən bu xərclər birlikdə ailə büdcəsinə ciddi yük yarada bilir.
2026-2027-ci tədris ili öncəsi açıqlanan hesablamalara görə, bir uşağın məktəbə hazırlığı seçimlərdən asılı olaraq təxminən 200-300 manatdan başlayır, daha keyfiyyətli məhsullar və əlavə xərclərlə bu rəqəm 500 manata qədər yüksələ bilir.
Bəs bu pul konkret nəyə gedir?
Bir uşağın “məktəb səbəti” neçə manatdır?
Azpost.info-nun topladığı aktual qiymətlər əsasında bir uşağın məktəbə hazırlığı üçün əsas xərc maddələrini belə qruplaşdırmaq olar:
Məktəbli forması – təxminən 60-100 manat
Məktəbli geyiminin qiyməti seçilən məhsuldan və satış yerindən asılı olaraq dəyişir. Hazırda bəzi satış nöqtələrində köynəklər 15-27 manat, şalvar və ətəklər 13-35 manat, jaketlər isə təxminən 22-35 manat arasında təklif olunur. Bakı Tikiş Evində bəzi formaların qiyməti daha aşağıdır: şalvar və ətək 15, jaket 22, polo köynəklər isə 12-14 manatdan başlayır.
İqtisadçı Razi Abbasbəyli isə tam məktəbli forması dəstinin təxminən 80-100 manat təşkil etdiyini bildirir.
Ayaqqabı – təxminən 30-70 manat
Məktəb üçün gündəlik ayaqqabı ilə yanaşı, idman dərsləri üçün ayrıca ayaqqabı almaq lazım gəldikdə xərc artır.
Çanta – 20-100 manat
Məktəb çantasının qiyməti keyfiyyət və markadan asılı olaraq ciddi dəyişir. Hazırkı bazar qiymətlərində 20 manatdan başlayan çantalara rast gəlmək mümkündür, daha keyfiyyətli modellər isə 80-100 manata və daha yuxarı qiymətə satılır.
Dəftərxana ləvazimatları – 20-50 manat
Dəftərlər, qələmlər, karandaşlar, rəngli karandaşlar, flomaster, pozan, xətkeş, albom, qələmqabı və digər məhsullar birlikdə nəzərəçarpacaq məbləğ yaradır.
Məsələn, hazırkı qiymətlərdə 12 vərəqli dəftər 30 qəpikdən, 100 vərəqli dəftər isə təxminən 95 qəpikdən başlayır. Sadə qələmlər 15 qəpik-1,10 manat, rəngli karandaşlar 1,50-8 manat, qələmqabılar 2-20 manat, çantalar isə təxminən 20-80 manat aralığında göstərilir.
Əlavə dərs vəsaitləri – 20-50 manat və daha çox
Dövlət məktəblərində əsas dərsliklər pulsuz verilsə də, iş dəftərləri, test kitabları və digər əlavə vəsaitlər ailənin xərclərinə əlavə olunur.
Beləliklə, minimum nə qədər lazımdır?
Sadə hesabla:
| Xərc | Təxmini məbləğ |
|---|---|
| Məktəbli forması | 60-100 manat |
| Ayaqqabı | 30-70 manat |
| Çanta | 20-80 manat |
| Dəftərxana | 20-50 manat |
| Əlavə vəsaitlər | 20-50 manat |
| Cəmi | 150-350 manat |
Bu, yalnız əsas məktəb xərcləridir. İdman geyimi, ikinci dəst forma, daha keyfiyyətli çanta, əlavə dərslər və digər ehtiyaclar daxil olduqda məbləğ daha da yüksəlir.
İqtisadçı Natiq Cəfərli bu il məktəbə hazırlığın ötən illə müqayisədə 10-15 faiz baha başa gələcəyini və bir uşağa ən azı 250-300 manat xərclənəcəyini bildirir. Digər iqtisadçı Akif Nəsirli isə yalnız forma və əsas ləvazimatların 70-100 manata başa gələ biləcəyini, ayaqqabı, çanta, əlavə geyim və digər məhsullar da alındıqda xərclərin 120-150 manata, bəzi hallarda 200 manatdan yuxarı qalxdığını deyir.
Digər hesablamalara görə isə bir uşağın məktəbə hazırlığı təxminən 200-250 manat, seçimlərdən asılı olaraq isə 500 manata qədər yüksələ bilər.
İki uşağı olan ailə nə qədər ödəməlidir?
Burada məsələ daha ciddi görünür.
Bir uşağın hazırlığına orta hesabla 250-300 manat xərclənirsə, iki məktəbli uşağın ilkin məktəb xərci 500-600 manata çata bilər. Üç məktəbli uşağı olan ailədə isə söhbət artıq 750-900 manat və daha çox məbləğdən gedir.
Bu hesablamaya repetitor və hazırlıq kursları, məktəbə gündəlik nəqliyyat, nahar, telefon və kompüter kimi texniki vasitələr daxil deyil. Yəni sentyabrın əsas problemi təkcə “məktəbli forması neçə manatdır?” sualı deyil. Problem ondan ibarətdir ki, bir neçə böyük xərc eyni vaxtda ailə büdcəsinin üzərinə düşür.
Valideynlər bu xərcləri necə ödəyir?
Ailələrin imkanları fərqli olduğundan məktəb hazırlığına yanaşma da dəyişir.
Bəzi valideynlər alış-verişi əvvəlcədən başlayaraq xərcləri bir neçə aya bölür. Digərləri endirimləri gözləyir, daha ucuz mağazalara üz tutur və uşağın ötən ildən qalan çanta və geyimlərindən istifadə edir.
Bir neçə uşağı olan ailələr üçün isə seçim daha çətin olur. Eyni vaxtda iki və ya üç məktəbliyə forma, ayaqqabı və ləvazimat almaq böyük məbləğ tələb edir.
İqtisadçılar bildirir ki, dərs ili yaxınlaşdıqca tələbatın artması bəzi məhsullar üzrə qiymət güzəştlərinin azalmasına, hətta qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, çanta, dəftər, qələm, karandaş, forma və digər məhsulların hamısını eyni vaxtda almaq ailə büdcəsinə ciddi yük yaradır.
Bu səbəbdən bəzi ailələr məktəb alış-verişini hissə-hissə etməyə, digərləri isə daha münasib qiymətli məhsullar seçməyə çalışır.
Ucuz almaq, yoxsa keyfiyyətli?
Burada da maraqlı bir dilemma ortaya çıxır.
İqtisadçı Razi Abbasbəyli valideynlərə yalnız qiymətə görə seçim etməməyi tövsiyə edir. Onun fikrincə, ucuz məhsul qısa müddətdə sıradan çıxarsa, valideyn eyni məhsulu yenidən almağa məcbur ola bilər. Yəni 15 manatlıq çanta ilk baxışda sərfəli görünə bilər. Amma bir neçə ay sonra yenisini almaq lazım gəlirsə, ilkin qənaət əslində əlavə xərcə çevrilir.
Ən böyük yük isə hazırlıq kurslarıdır
Məktəb xərcləri bununla bitmir. Xüsusilə yuxarı siniflərdə oxuyan uşaqlar üçün repetitor, hazırlıq kursu, əlavə test kitabları və digər təhsil xərcləri ailə büdcəsinə daha ciddi təsir göstərir. Bu xərclər məktəbə birdəfəlik hazırlıqdan fərqli olaraq bütün tədris ili boyunca davam edir.
Deməli, sentyabrda 250-300 manat xərcləmək bir məsələdir, sentyabrdan iyuna qədər təhsilə çəkilən ümumi xərclər isə tamam başqa məsələdir.
Sentyabrın hesabı niyə ağır görünür?
Çünki ailə həmin ay təkcə məktəb xərclərini ödəmir.
Eyni zamanda ərzaq, kommunal ödənişlər, kirayə və ya ipoteka, kreditlər, nəqliyyat, uşaqların gündəlik xərcləri, geyim, əlavə təhsil üçün də pul lazımdır. 150-200 manatlıq məktəb xərci ayrıca götürüləndə çox böyük görünməyə bilər. Amma həmin məbləğ ailənin digər vacib ödənişləri ilə eyni aya düşəndə xüsusilə aşağı gəlirli və çoxuşaqlı ailələr üçün ciddi maliyyə yükünə çevrilir.
Sentyabr Azərbaycan ailələri üçün artıq sadəcə “uşaqlar məktəbə qayıdır” ayı deyil. Bu, həm də ailə büdcəsinin yenidən hesablandığı aydır. Bir uşağın məktəbə hazırlanması üçün 200-300 manat, daha geniş alış-veriş və keyfiyyətli seçimlərlə 500 manatadək vəsait lazım ola bilər. İki və ya üç məktəbli uşağı olan ailələrdə bu məbləğ min manata yaxınlaşa bilər.
Ona görə də valideyn üçün bu gün əsas sual bəlkə də “məktəb üçün nə alaq?” deyil. Əsas sual budur: bütün bunların pulunu necə çatdıraq?
