Rusiyada iri biznes nümayəndələrinin dövlət büdcəsinə etdiyi “könüllü ödənişlərin” həcmi ilin əvvəlindən kəskin artıb.
“Vedomosti”nin yazdığına görə, yanvar-mart aylarında qeyri-dövlət təşkilatları Rusiya büdcəsinə cəmi 15,6 milyard rubl köçürüblər. Lakin bundan sonra prezident Vladimir Putin qapalı görüşdə iri sahibkarlara büdcəyə “könüllü töhfələr” verməyi təklif edib.
Bundan sonra ödənişlərin həcmi sürətlə artıb. Belə ki, yalnız aprel ayında büdcəyə daxilolmalar 10 dəfədən çox artaraq 159,7 milyard rubla çatıb.
May ayında bu göstərici daha 45,5% artaraq 232,3 milyard rubla, iyunda isə 27% artaraq 294,4 milyard rubla yüksəlib.
İyul və avqustun ilk yarısında isə belə ödənişlər daha 30% artıb.
Nəticədə avqustun ortalarına Rusiyanın büdcəsinə iri biznesdən daxil olan bu vəsaitlərin ümumi həcmi 383,69 milyard rubl təşkil edib. Bu məbləğ təxminən 4,5 milyard dollardan çoxdur.
Məlumata görə, bu rəqəm 2025-ci ilin bütün ili ərzində toplanan 251,3 milyard rubldan təxminən 1,5 dəfə çoxdur.
“Ağır dövrdə biznesi silkələmək” ideyası
“The Bell” nəşrinin həmsöhbətləri Putinin mart ayında Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışının mahiyyətini “müharibə aparacağımızı dedilər” və “Donbas sərhədlərinə qədər gedəcəyik” ifadələri ilə təsvir ediblər.
Nəşrin məlumatına görə, ölkə üçün “ağır dövrdə” biznesdən daha çox vəsait cəlb etmək, yəni sahibkarları “silkələmək” ideyası “Rosneft” rəhbəri İqor Seçinin təşəbbüsü olub.
Beləliklə, Rusiyada dövlət büdcəsinə iri biznesdən daxil olan “könüllü” ödənişlər qısa müddətdə milyardlarla dollarlıq məbləğə çatıb.
