Ana Sayfa > Karusel / Təhsil > Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək, diplomlar tanınacaq

Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək, diplomlar tanınacaq


Bu gün, 17:34. Yazar: Admin

Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək, diplomlar tanınacaq

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri müəyyən edilməyib.

Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, habelə digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulub.

Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış, eləcə də müxtəlif əsaslarla ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər barədə məlumatlar dəqiqləşdiriləcək və onların sonrakı təhsil hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin (diplomların, arayışların) hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır.

Cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim olunacaq.

Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.

Qeyd edək ki, 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.


Geri dön