Dunayda suyun azalması səbəbindən Macarıstandakı yeganə atom elektrik stansiyasının (AES) fəaliyyəti dayandırılacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə MacarıstanıBaş naziri Peter Madyar X sosial şəbəkəsində paylaşım edib.
Baş nazir bildirib ki, Dunay çayında suyun səviyyəsinin son 44 ilin ən aşağı həddinə enməsi səbəbindən "Pakş" AES-in fəaliyyəti dayandırılacaq.
Qeyd edək ki, "Pakş" AES Macarıstanda istehsal olunan elektrik enerjisinin təxminən yarısını təmin edir və reaktorların soyudulması üçün Dunay çayının suyundan istifadə olunur.
Mümkün enerji böhranı fonunda ölkə hakimiyyəti əhali və biznes subyektlərini elektrik enerjisi istehlakını azaltmağa çağırıb.
Peter Madyar daha əvvəl bildirib ki, hökumət sənaye müəssisələrində elektrik enerjisi istehlakının növbəli şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan fövqəladə fəaliyyət planı hazırlayıb. O, həmçinin Macarıstandakı digər elektrik stansiyalarının müvəqqəti olaraq enerji istehsalını artıracağını vəd edib.
Dunayın dayazlaşması Rumıniya və Serbiyada da problemlərə yol açıb
2026-cı ildə Mərkəzi Avropada müşahidə olunan anomal istilər və quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsi kritik həddə enib. Ayrı-ayrı bölgələrdə suyun səviyyəsi tarixi minimum göstəriciləri yeniləyib ki, bu da gəmiçiliyin dayanmasına və enerji sektorunda problemlərin yaranmasına səbəb olub.
Belə ki, iyulun sonunda Rumıniyada "Çernavodə" AES-in birinci enerji blokunun fəaliyyəti dayandırılaraq milli enerji sistemindən ayrılıb. Serbiyanın hidrometeoroloqları isə Dunayda suyun səviyyəsinin son yüz ilin ən aşağı göstəricisini yeniləyə biləcəyi barədə xəbərdarlıq ediblər. Ölkə hakimiyyəti artıq Voyvodina Muxtar Vilayətinin şimal hissəsini su ilə təmin edən nasos stansiyasının fəaliyyətini dayandırıb.