"Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb, uşaqların daha erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mərhələli tədbirlər həyata keçirilib".
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, görülən işlərə dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yeni binaların tikilməsi, mövcud binaların əsaslı və cari təmiri daxildir.
"Digər tərəfdən, 2016-cı ildən etibarən məktəblərdə məktəbəhazırlıq qrupları yaradılıb. Ötən tədris ilində 86 mindən çox beşyaşlı uşaq həmin qruplara cəlb olunub. Bununla yanaşı, başa çatan tədris ilində 24 mindən çox uşaq icma əsaslı məktəbəqədər hazırlıq qruplarında təhsil alıb.
Bu istiqamətdə həyata keçirdiyimiz maraqlı təşəbbüslərdən biri də valideyn–dövlət–özəl əməkdaşlığı modelidir. Bu layihəyə iki il əvvəl qrant mexanizmi ilə başlanılıb və 2025–2026-cı tədris ilində 4 mindən çox uşaq bu maliyyə dəstəyindən faydalanıb".
Direktor müavini qeyd edib ki, mövcud qaydalara əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidmət haqqının 70 faizini maliyyələşdirəcək.
"Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq. Bu mexanizm bir tərəfdən dövlət uşaq bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışına şərait yaradacaq. Digər tərəfdən isə özəl təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə olunmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək".
O bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul imkanları artırılıb, məktəbəhazırlıq qrupları üzrə əlavə yerlər yaradılıb: “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamədə zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul imkanları artırılmış, məktəbəhazırlıq proqramları üzrə əlavə yerlər yaradılmışdır. Belə ki, dövlət məktəbəqədər təhsil müəssisələrində qəbul üçün əlavə yerlər açılaraq ümumi qəbul potensialı 112 minə çatdırılıb. İcma əsaslı təlim qruplarında əlavə 12 min yer yaradılaraq qəbul potensialı 36 min nəfər uşağa qədər yüksəlib. Bununla yanaşı məktəbəhazırlıq qruplarında əlavə 16 min yer açılıb və 104 min uşağın qəbulu planlaşdırılır. Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi isə özəl müəssisələrin potensialının tam reallaşması vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına tutarlı töhfə verəcəkdir", – deyə o əlavə edib.