Qarabağın bu yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“İcazənizlə, nümayəndə heyətimiz adından bizə göstərilən səmimi qəbula, eləcə də bu dəfə Azərbaycanın rəsmi səfərinin məhz burada – Qarabağda, Şuşa şəhərində keçirilməsi ilə bağlı təşəbbüsünüzə görə Sizə dərin təşəkkürümü bildirim.
Keçmişdə keçirdiyimiz şəxsi görüşlər zamanı Qarabağ və onun gələcək inkişafı barədə dəfələrlə müzakirələr aparmışıq. Buna görə də bu gün nümayəndə heyətindəki həmkarlarımla birlikdə bu ərazinin inkişafında əldə olunan böyük irəliləyişi öz gözlərimizlə görmək mənim üçün böyük şərəfdir.
Azadlıqdan sonra cəmi bir neçə il ərzində bu ərazidə görülən möhtəşəm quruculuq işlərinə görə dərin hörmət və heyranlığımı ifadə etmək istəyirəm. Eyni zamanda böyük məmnunluq və qürur hissi keçiririk ki, Qarabağın bu yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir. Əminəm ki, onlar gələcəkdə də Qarabağda həyata keçiriləcək maraqlı layihələrdə fəal iştiraklarını davam etdirəcəklər”, - Slovakiya Prezidenti qeyd edib.