Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın mürəkkəb beynəlxalq problemlərin həllində etibarlı mərkəzə çevrilməsi ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin son illərdə beynəlxalq münasibətlər sistemində qazandığı nüfuzun əsas səbəblərini dolğun şəkildə izah edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın bu gün müxtəlif regionlarda vasitəçilik missiyasına cəlb olunmasının, dialoq platforması kimi qəbul edilməsinin və həssas məsələlərdə etibarlı tərəfdaş hesab edilməsinin əsasında ilk növbədə dövlətimizin dürüst, prinsipial və səmimi siyasəti dayanır.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun əsas mənbəyini dəqiq ifadə etdi
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın beynəlxalq münasibətlərdə etimad kapitalını formalaşdırması ilə bağlı fikirləridir.
"Bugünkü dünyada iqtisadi və hərbi güc nə qədər vacibdirsə, etimad da bir o qədər mühüm amilə çevrilib. Çünki dövlətlər yalnız etibar etdikləri tərəfdaşlarla ən həssas siyasi məsələləri müzakirə edir, yalnız dürüst mövqe nümayiş etdirən ölkələrin vasitəçiliyini qəbul edirlər. Prezident İlham Əliyev də məhz bu məqama diqqət çəkərək bildirdi ki, Azərbaycanın gizli gündəliyi yoxdur və ölkəmiz heç vaxt hansısa proseslərdən öz geosiyasi maraqları naminə istifadə etməyə çalışmayıb. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun əsas sütunlarından biridir".

Azərbaycanın siyasəti qarşıdurmaya deyil, etimada əsaslanır
Arzuxan Əlizadənin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin mühüm xüsusiyyəti balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər sisteminin qurulmasıdır: “Azərbaycan heç vaxt beynəlxalq münasibətlərdə ikili standartlardan çıxış etməyib. Ölkəmiz müxtəlif dövlətlərlə əməkdaşlıq edərkən onların daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik prinsiplərini əsas götürüb. Məhz buna görə də bu gün müxtəlif ölkələr, hətta bir-biri ilə münasibətləri gərgin olan tərəflər müəyyən məsələlərdə Azərbaycanın vasitəçiliyinə və ya dəstəyinə ehtiyac duyurlar.Prezident İlham Əliyevin "bizə etibar edilən məxfi məlumatlar heç vaxt sızmayıb" fikri Azərbaycanın diplomatik fəaliyyətində formalaşmış yüksək siyasi mədəniyyətin göstəricisidir. Bu, təsadüfi yaranmış reputasiya deyil. Uzun illər ərzində aparılan ardıcıl xarici siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş statusunu qazanıb. Beynəlxalq münasibətlərdə belə etimadın formalaşması uzun zaman tələb edir, lakin onu itirmək çox asandır. Azərbaycanın qazandığı nüfuz isə göstərir ki, dövlətimizin siyasəti ardıcıl və prinsipialdır”.

Azərbaycan artıq regional diplomatiyanın mühüm mərkəzlərindən biridir
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin "Azərbaycanın regional proseslərdə rolu getdikcə artır" fikri bu günün geosiyasi reallıqlarını tam əks etdirir:
“Son illər Azərbaycan təkcə Cənubi Qafqazın deyil, daha geniş regionun siyasi və iqtisadi proseslərinə təsir göstərən dövlətə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, humanitar əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və dialoq platformalarının təşkili sahəsində ölkəmizin rolu davamlı şəkildə artır. Bu gün Azərbaycanın iştirakı olmadan regionun gələcəyi ilə bağlı mühüm layihələrin həyata keçirilməsi praktik olaraq mümkün deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda da nüfuzlu mövqe qazanıb. Ölkəmiz BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda daim konstruktiv mövqeyi ilə seçilib. Azərbaycan heç vaxt qarşıdurmaları dərinləşdirmək xətti tutmayıb, əksinə, dialoq və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib”.

Qoşulmama Hərəkatına uğurlu sədrlik Azərbaycanın beynəlxalq etibarının göstəricisidir
Arzuxan Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq etimad qazandığını təsdiqləyən ən mühüm faktlardan biridir: “120 üzv dövləti birləşdirən belə böyük beynəlxalq təşkilatda Azərbaycanın yekdilliklə sədr seçilməsi və daha sonra sədrlik müddətinin yenidən üzv dövlətlərin istəyi ilə uzadılması olduqca mühüm siyasi hadisə idi. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna verilən yüksək qiymət idi. Çünki həmin dövlətlərin siyasi baxışları, maraqları və xarici siyasət prioritetləri bir-birindən fərqlənir. Belə müxtəlifliyin mövcud olduğu təşkilatda yekdil qərarın qəbul olunması yalnız Azərbaycana olan yüksək etimadın nəticəsi ola bilər." COVID-19 pandemiyası dövründə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi bu etimadı daha da möhkəmləndirdi. Azərbaycan həmin dövrdə inkişaf etməkdə olan ölkələrin problemlərini daim beynəlxalq gündəmdə saxladı, humanitar təşəbbüslərlə çıxış etdi və qlobal həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verdi. Bütün bunlar ölkəmizin məsuliyyətli dövlət kimi imicini daha da gücləndirdi”.
Etibarlı tərəfdaş olmaq Azərbaycanın strateji üstünlüyünə çevrilib
Deputat deyib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqamlardan biri Azərbaycanın vasitəçilik fəaliyyətinin hansı prinsiplər üzərində qurulduğunu izah etməsi idi: “Azərbaycan heç vaxt vasitəçilik missiyasını hansısa dövlətə təzyiq göstərmək və ya geosiyasi üstünlük qazanmaq vasitəsinə çevirməyib. Əksinə, ölkəmiz dialoq üçün platforma yaradır, tərəflərin mövqelərinin yaxınlaşmasına çalışır və etimad mühitinin formalaşmasına töhfə verir. Bu yanaşma Azərbaycanın beynəlxalq siyasətdə fərqləndirici xüsusiyyətidir. Hazırda Bakı müxtəlif beynəlxalq tədbirlərin, siyasi forumların, humanitar toplantıların və qlobal dialoq platformalarının keçirildiyi əsas mərkəzlərdən biridir. Bu gün Azərbaycan həm siyasi dialoq, həm enerji təhlükəsizliyi, həm humanitar əməkdaşlıq, həm də beynəlxalq iqtisadi əlaqələrin inkişafı baxımından etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz regionda sabitliyin və əməkdaşlığın əsas təminatçılarından birinə çevrilib”.
Azərbaycanın nüfuzu bundan sonra da artacaq
Arzuxan Əlizadə vurğulayıb ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın gələcək xarici siyasət prioritetlərini də aydın şəkildə ortaya qoyur: “Azərbaycan bundan sonra da beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli dövlət və sülh təşəbbüslərinin fəal iştirakçısı kimi fəaliyyətini davam etdirəcək. Dövlətimizin əsas məqsədi geosiyasi qarşıdurmaları dərinləşdirmək deyil, dialoqu təşviq etmək, əməkdaşlıq imkanlarını genişləndirmək və regionda dayanıqlı sabitliyə töhfə verməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Bu gün ölkəmiz təkcə regional proseslərin fəal iştirakçısı deyil, həm də mürəkkəb beynəlxalq məsələlərin müzakirəsində etibar edilən tərəfdaş, dialoq məkanı və konstruktiv təşəbbüslərin müəllifi kimi qəbul olunur. Bu, Azərbaycanın müstəqil siyasətinin, milli maraqlara əsaslanan diplomatiyasının və beynəlxalq hüquqa hörmət prinsipinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar da təsdiq edir ki, Azərbaycan bundan sonra da beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli dövlət kimi öz mövqeyini daha da möhkəmləndirəcək”.