Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Bankın iyul ayı üzrə proqnozunda bildirilib. Belə ki, ADB bu il Azərbaycanda iqtisadi artımın 5,7%, 2027-ci ildə isə 4,9% təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə Bankın aprel proqnozu ilə eynidir.
ADB qeyd edib ki, Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan və Özbəkistan üzrə inflyasiya proqnozları isə həm 2026, həm də 2027-ci illər üçün dəyişdirilməyib.
Ümumilikdə isə Qafqaz, Mərkəzi və Qərbi Asiya regionu üzrə inflyasiya proqnozu 2026-cı il üçün 22,0%-ə yüksəldilib, 2027-ci il üzrə proqnoz isə 16,3% səviyyəsində saxlanılıb.
Qeyd edilib ki, 2026-cı il üzrə proqnozun artırılması Yaxın Şərq böhranının təsiri nəticəsində regionda qiymət təzyiqlərinin davam etməsi, Türkiyədə inflyasiyanın azalmasının ləngiməsi və yanacaq qiymətlərinin ümumilikdə yüksəlməsi ilə izah olunur.
"Ermənistan üzrə inflyasiya proqnozları həm 2026, həm də 2027-ci illər üçün təchizat zəncirində yaranan problemlər və enerji xərclərinin artması səbəbindən yüksəldilib. Rusiyanın Ermənistanın seçilmiş ixrac məhsullarına tətbiq etdiyi məhdudiyyətlər daxili ərzaq təklifini artıraraq qiymət təzyiqlərini müəyyən qədər azalda bilsə də, ölkədə inflyasiya yanvar–may aylarında 4,5%-ə yüksəlib. Gürcüstan üzrə 2026-cı il inflyasiya proqnozu 4,9%-ə qaldırılıb. Bu, münaqişənin enerji, nəqliyyat və istehsal xərclərini artırması ilə əlaqələndirilir. 2027-ci il proqnozu isə dəyişməyib" -ADB əlavə edib.
ADB Türkiyə üzrə 2026-cı il inflyasiya proqnozu isə 29,7%-ə qaldırıb. "Buna səbəb sərt pul siyasətinə baxmayaraq, əmtəə qiymətlərinin yüksək qalması fonunda inflyasiyanın azalmasının gözləniləndən ləng getməsidir. 2027-ci il üzrə proqnoz isə 21,5% səviyyəsində dəyişməz saxlanılıb" -deyə Bankın proqnozunda vurğulanıb.