"Bank Melli İran"ın Bakı filialı bu ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatını açıqlayıb.
Qarabaginfo.az hesabata istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 2,681 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5,4% az) təşkil edib.
Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 661,06 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 18,6 min manat, haqq və komissiya gəlirləri 11,6 min manat, digər gəlirləri 909,6 manat, torpaq, tikili və avadanlıqların xaric olmasından gəlirləri 481 manat olub.
Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 57,9 min manat, haqq və komissiya xərcləri 38,5 min manat, inzibati xərcləri isə 453,08 min manata bərabər olub.
Nəticədə "Bank Melli İran"ın Bakı filialı bu ilin altı ayını 2,324 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 27,9% azdır.
Cari ilin iyulun 1-nə Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1,03% artaraq 121,532 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditləri 4,03% artaraq 2,402 milyon manat olub. Filialın cəmi öhdəlikləri 1,6% azalaraq 65,855 milyon manat, cəmi kapitalı isə 4,4% artaraq 55,677 milyon manata yüksəlib.