Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakıda mənzil almaq çətinləşir-Dövlət ipotekası niyə bazar qiymətlərinə çatmır?

Bakıda mənzil almaq çətinləşir-Dövlət ipotekası niyə bazar qiymətlərinə çatmır?


Bu gün, 11:00. Yazar: Admin

Bakıda mənzil bazarında qiymətlərin sürətlə bahalaşması dövlət ipoteka kreditlərinin imkanlarını getdikcə məhdudlaşdırır. Ekspertlər hesab edirlər ki, ipoteka limitinin uzun illər dəyişməməsi, investor fəallığının artması və bankların kommersiya kreditlərini genişləndirməsi bazarda yeni reallıq formalaşdırıb.

Qarabaginfo.az bildirir ki, bu, dövlət kreditlərinin effektivliyinin azalması və kommersiya banklarının aktivləşməsi ilə xarakterizə olunur.

Bazarın cari mənzərəsini formalaşdıran əsas tendensiyalar əmlakın bahalaşması, kredit limiti məbləğinin yetərsizliyidir. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən adi ipoteka kreditinin maksimal həddi illərdir 150 000 manat səviyyəsində qalıb. Burada qiymət təzyiqi də əsas amildir. Son illərdə paytaxtda daşınmaz əmlakın qiyməti təxminən 75%-dən çox bahalaşıb. Hazırda Bakıda normal şəraitli mənzillərin qiyməti 150 000 manatdan başladığı üçün dövlət ipotekası alıcının büdcəsini tam bağlamır.

Üstəlik pulu olanların mənzil bazarına sərmayə və qazanc üçün daxil olması vəziyyəti daha da ağırlaşdırır. Gəliri yüksək olan şəxslər 150 000 manatlıq limiti tam götürərək üzərinə nağd vəsait əlavə edir və 200–400 min manatlıq mənzillər alırlar. Mənzil artıq ehtiyacdan çox investisiya alətinə çevrilir. Dövlət xətti ilə verilən kreditləşmədə isə azalma qeydə alınıb. Cari ilin ilk 5 ayında İKZF xətti ilə 200 milyon manat həcmində kredit verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% azdır.

Qiymətlər yüksəldikcə əhalinin real gəlirləri ilə mənzil dəyəri arasındakı fərq böyüyür və uyğun mənzil tapmaq çətinləşir. Belə şəraitdən isə banklar qazanc üçün faydalanmağa can atır. Dövlət ipotekasındakı limit məhdudiyyəti fonunda özəl kommersiya bankları öz daxili ipoteka proqramlarını (illik 10-12% dərəcələrlə) daha aqressiv təklif etməyə başlayıblar.

Nağd pulu və ya rəsmi gəliri az olan vətəndaşlar isə daha çox tikinti şirkətlərinin təklif etdiyi 3–5 illik faizsiz və ya daxili kredit şərtlərinə üz tuturlar. Həmçinin alternativ mexanizm olaraq kirayə mənzillərin əldə edilməsi önə çıxır. Kredit şərtlərinə cavab verməyən və ya ilkin ödənişi olmayan şəxslər üçün İKZF-nin satınalma öhdəlikli kirayə mənzil mexanizmi populyarlığını qoruyur. Yalnız ilin birinci rübündə 235 ailə bu yolla mənzil sahibi olub.


Geri dön