Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin Yekaterinburqda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistandan rusiyalı investorların hüquqlarının və qanuni maraqlarının qorunmasını gözləyir.
Mişustin vurğulayıb ki Rusiya 7 iyun parlament seçkilərindən sonra formalaşacaq yeni Ermənistan hökuməti ilə münasibətlərin inkişafına ümid edir: “Moskva Rusiya-Ermənistan münasibətlərinin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ruhunda daha da inkişaf etməsini gözləyir".
Paşinyan isə çıxışında Rusiya ilə problemli məsələlərin həll olunacağına ümid etdiyini bildirib. O, Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirakda maraqlı olduğunu qeyd edib: "Bu görüş ikitərəfli münasibətlər gündəliyinin bütün spektrini müzakirə etmək, qeydləri müqayisə etmək üçün yaxşı fürsətdir" .
Paşinyan deyib ki, Ermənistan bütün məsələlərin və nüansların konstruktiv müzakirəsi və aydınlaşdırılması niyyətindədir: “Son zamanlar bəzi problemli məsələlər ortaya çıxıb və ümid edirəm ki, biz onları müzakirə edib həll edəcəyik. Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya Federasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirmək əhval-ruhiyyəsindəyik. Əlbəttə ki, biz Aİİ-də iştirakımızda və Aİİ Müqaviləsində nəzərdə tutulan mexanizmlərin planlaşdırıldığı kimi işləməsini təmin etməkdə maraqlıyıq".
Ermənistan Baş naziri əlavə edib ki, bu, Aİİ-in gələcək inkişafı üçün maraq kəsb edir.