Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qarabaginfo.az xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Keçmiş nazir Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və hakimiyyətin devrilməsinə çağırışlar etməkdə ittiham olunurdu.
Baço Axalaya hökmün elanında iştirak etməyib, buna görə də son söz demək hüququna malik olmayıb.
Qeyd edək ki, Baço Axalaya ötən ilin dekabrında oktyabrın 4-də Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işinə görə saxlanılmışdı. Sabiq nazirə qarşı yeni ittiham onun iş üzrə məhkəmə iclasında söylədiyi "Biz İvanişvilini və onun hökumətini devirəcəyik, mütləq devirəcəyik" sözlərindən sonra irəli sürülüb.
Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub. O, 2012-ci ilin noyabrında istefada olan polkovnik Serqo Tetradzenin ölümü işi üzrə həbs olunub, 2018-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilib və 2022-ci ilin martında azadlığa buraxılıb.