Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“İqtisadi tərəfdaşlığımızın daha da dərinləşdirilməsi məsələsini müzakirə etdik. Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri investoru hesab olunur. İndi isə bu möhkəm təməl üzərində daha da irəliləmək istəyirik. Yeni hərtərəfli saziş üzrə danışıqların bərpası bu istiqamətdə mühüm addımdır. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında ticarətin daha da genişlənməsi üçün yeni imkanlar aça bilər və biz irəliləyişə nail olmaq üçün birgə çalışacağıq. Beləliklə, Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır. Gəlin birlikdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, Cənubi Qafqazın Avropa, Xəzər regionu və Mərkəzi Asiya ilə daha sıx əlaqələnməsi, eləcə də aramızdakı tərəfdaşlığın daha da möhkəmləndirilməsi naminə çalışaq”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.