Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Bakıda təntənəli rəsmi qəbul keçirilib.
Qarabaginfo.az xəbər verir ki, tədbir Azərbaycan və Belarusun dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Təntənəli rəsmi qəbulda Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç çıxış edərək bildirib ki, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq ölkə rəhbərlərinin siyasi iradəsi sayəsində davamlı olaraq möhkəmlənir.
Səfir qeyd edib ki, ötən il ərzində iki ölkə arasında hökumət başçılarının, baş nazir müavinlərinin, parlament rəhbərlərinin və müxtəlif nazirliklərin nümayəndələrinin qarşılıqlı səfərləri baş tutub, həmçinin biznes dairələrinin 40-a yaxın qarşılıqlı səfəri təşkil olunub.
“Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyevin rəhbərliyi ilə Belarus və Azərbaycan arasında strateji tərəfdaşlıq möhkəmlənir, siyasi dialoq, humanitar əlaqələr və birbaşa iqtisadi təmaslar inkişaf edir ki, bu da qarşılıqlı ticarət dövriyyəsinin və birgə layihələrin artımında öz əksini tapır”, – Dmitri Pineviç vurğulayıb.
Səfir əlavə edib ki, Belarusun Azərbaycanla birgə layihələrinin coğrafiyası Bakı, Gəncə, Sumqayıt, Biləsuvar, Ağdam və digər bölgələri əhatə edir.
Dmitri Pineviç çıxışında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə də təbriklərini çatdırıb.
“Fürsətdən istifadə edərək şəxsən öz adımdan, Belarus Müdafiə Nazirliyi və Silahlı Qüvvələri adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyini və bütün hərbi qulluqçuları Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, firavanlıq və ölkənizin rifahı naminə uğurlar arzulayıram”, – Belarus səfiri bildirib.
Təntənəli rəsmi qəbulda çıxış edən Azərbaycan Baş nazirinin müavini Samir Şərifov bildirib ki, Azərbaycan ilə Belarus arasında dostluq və əməkdaşlıq münasibətləri uğurla inkişaf edir və bu əlaqələrin əsasında Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında qarşılıqlı etimad və siyasi iradə dayanır.
O qeyd edib ki, Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirak edən ölkələrdən biridir. Bu çərçivədə Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə cəlb olunub, sənaye, kənd təsərrüfatı, tikinti və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparılır.
“Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi və Belarusun iqtisadi potensialından Qarabağın dirçəldilməsi prosesində istifadə olunması ölkələrimiz arasında tərəfdaşlığın mühüm istiqamətlərindən biridir”, – Samir Şərifov vurğulayıb.
Baş nazirin müavini Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi, sənaye, mədəni və humanitar əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib, Azərbaycanın Belarusla yaxın və dostluq münasibətlərinin davam etdirilməsinə sadiq olduğunu, strateji tərəfdaşlığın bütün istiqamətləri üzrə əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, tədbirdə hökumətin rəsmi nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlər də iştirak ediblər./Apa