İtkin düşmüş şəxslərin şəxsiyyətinin eyniləşdirilməsi üçün əvvəldən qalan və yeni yaranan çətinliklər kifayət qədərdir.
Qarabaginfo.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O qeyd edib ki, ən çox problemlə rastlaşdıqları hal adətən kütləvi məzarlıqlarla bağlı olur: “Kütləvi məzarlıqlar hər yerdə və hər zaman ən problemli müayinə obyektləri hesab edilir. Hətta bəzən kütləvi məzarlıqlarda müəyyən edilmiş 1 şəxsə məxsus sümük qalıqları bir-birindən uzaq məsafələrdə aralı olan 2, hətta 3 ayrı-ayrı kütləvi məzarlıqlarda aşkar olunur. Bu da bütün kütləvi məzarlıqların DNT-müayinələrini başa çatdırmadan son qərara gəlməyə və eyniləşdirilmiş sümük qalıqlarının vaxtında ailələrə təhvil verilməsinə imkan vermir. İşğaldan azad olunmuş ərazilərdən gətirilmiş sümük qalıqlarının istər məhkəmə-tibbi kriminalistik, istərsə də genetik identifikasiya nöqteyi-nəzərindən çətinliyi bu sümüklərin uzun müddətə – təxminən 30–35 il əvvələ aid olmasıdır. Bundan başqa əksər hallarda onların torpaqda kompakt vəziyyətdə dəfn edilməmiş, bu qədər uzun müddət açıq havada, səpələnmiş şəkildə qalmış olmalarıdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, mütəxəssislərimiz şəhidlərimizə məxsus son sümük fraqmentlərinin müayinə olunmasına qədər fəaliyyətlərini davam etdirəcək və bu skelet qalıqlarının ailələrə çatdırılmasında iştirak edəcəklər”.