Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsi:
“REAL TV”: Nəzərə alsaq ki, bu Sizin böyük mediaya ilk müsahibənizdir, istərdim ki, söhbətimiz həm də hesabat xarakterli olsun. Rəhbərlik etdiyiniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin olunduqdan sonra bu qurumun vəzifələrində, fəaliyyətində hansı yeniliklər baş verdi? 3 il əvvələ nəzər yetirsək, hansı dəyişiklikləri görmək mümkündür?
- İlk olaraq Sizi salamlayıram. Xoş gəlmisiniz. Bildiyiniz kimi Xidmət müstəqil qurum kimi Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, 2012-ci ilin fevral ayının 13-də yaradılıb. Qeyd olunan tarixdən başlanaraq Xidmət öz funksional vəzifələrini yerinə yetirir. İlk öncə xidmətin əsas funksiyalarını səsləndirmək istərdim. Bunlardan biri vətəndaşların ilkin hərbi qeydiyyata alınması prosesidir. Elə fürsətdən istifadə edərək valideynlərə çağırış etmək istərdim ki, hazıradək ilkin qeydiyyata düşməyən övladlarının ilin sonuna qədər qeydiyyata alınmasını təmin etsinlər. Xidmətin digər funksiyası müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin tənzimlənməsidir. Bu proses çərçivəsində hər bir çağırışçı və ya hərbi vəzifəlilərlə bağlı qərarların verilməsi nəzərdə tutulub.
Qərarlar dedikdə mən istərdim ki, bu müsahibədə bəzi terminlərə də aydınlıq gətirək. Məsələn, təhsil və ya sağlamlıq durumu ilə möhlətlərin verilməsi ilə bağlı qərarlar olur. Yerli çağırış komissiyaları tərəfindən hər bir çağırışçı ilə bağlı bu və ya digər qərarlar qəbul edilməkdədir. Ailə vəziyyəti ilə bağlı da möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulur. Xidmət ümumilikdə bütün kateqoriyalar üzrə tibbi şəhadətləndirmə proseslərin idarə olunması, tərxisdən sonra qeydiyyata alınma, səfərbərlik məsələləri, o cümlədən təlim və toplanışlarla bağlı iş, hərbi nəqliyyat vasitələrinə aid edilən nəqliyyat vasitələrinin qeydiyyatı və uçotu, müharibədə iştirak edən şəxslərə veteran statusunun verilib-verilməməsi, təxsis (bron) məsələsi, gənclər arasında vətənpərvərliyin təbliği, eləcə də maarifləndirmə və sairə işlərin aparılmasını yerinə yetirməkdədir. Başa düşülən dildə desək, öz funksional vəzifələrinə görə Dövlət Xidməti vətəndaşlarla silahlı birləşmələr arasında körpü rolunu oynayır. Son 3 ildə Xidmətin fəaliyyətini tənzimləyən qanunvericiliyə və hüquq normalarına dəyişikliklərin aparılmasına, rəqəmsallaşdırma, maddi-texniki bazanın yaxşılaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin sayının, eləcə də, məmnuniyyətin artırılmasında və kadr potensialının gücləndirilməsinə nail olmuşuq. Bu məqamda bəzi statistik məlumatları qeyd etmək istərdim. Son 3 ildə Xidmət tərəfindən 188 000 vətəndaşlardan daxil olmuş ərizə və təkliflərə baxılıb, ölkə üzrə 1000 nəfərədək vətəndaşların qəbulu həyata keçirilib, Çağrı Mərkəzi vasitəsilə 60 000-dən artıq zəng, eləcə də sosial şəbəkələrdən daxil olmuş müraciətlər qəbul edilərək cavablandırılmış, həmçinin ASAN xidmət vasitəsilə daxil olmuş 333 000 müraciət icra olunmuşdur.

APA: Cənab general, aparılan kadr islahatlarından danışdınız. Uğur əldə etmək üçün hər bir rəhbərin komandası inkişafa meylli və peşəkar olmalıdır. Sizin qurumda kadr siyasəti və kadr seçimi hansı formada həyata keçirilir?
- Hazırda xidmətdə olan hərbi qulluqçular peşəkar səviyyələrinin artırılması məqsədilə daimi əsaslarla təşkil olunmuş kurslarda iştirak edərək, qanunvericilik və İT sahəsi üzrə biliklərinin səviyyələrini artırırlar. Bundan əlavə, şəxsi heyətin stimullaşdırılması üçün vəzifə artırmaları və növbəti, yaxud vaxtından əvvəl rütbələrin verilməsi, eləcə də rotasiya məsələləri də həll olunur. Kadr siyasəti hər bir qurum üçün prioritet məsələlərdən biridir. Son 3 ildə Dövlət Xidmətində həqiqi hərbi xidmətə 414 nəfər hərbi qulluqçu kimi, 504 nəfər isə mülki işçi kimi işlə təmin olunub. Bunlardan 93 nəfər Vətən Müharibəsi iştirakçısı, 11 nəfər isə şəhid ailələrinin üzvləridir. Xidmətə işə qəbul tam şəffaf şəkildə aparılır, ilk olaraq namizədlər Xidmətin daxilində yaradılmış müsahibə komissiyasına çıxarılır, burada onların tərcümeyi-halında olan məlumatlar dəqiqləşdirilir, dünya görüşü, intellektual səviyyəsi və davranışı öyrənilir, İT sahəsi üzrə bilikləri yoxlanılır. Müsbət nəticələr əldə edən namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda iştirak edir və keçid ballarını toplamış namizədlərin siyahısı Xidmətə daxil olur. Bu yerdə mən DİM rəhbərliyinə və oranın işçilərinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu prosesdə bizə çox böyük dəstək göstərirlər. Xidmətə hərbi qulluqçu kimi götürüləcək namizədlər müvafiq qaydada tibbi şəhadətləndirilir, onların barəsində müvafiq yoxlanış tədbirləri həyata keçirilir. Bütün bu proseslərdən müsbət nəticə ilə çıxan və hər hansı nüfuzdan salan məlumatlar daxil olmayan şəxslər haqqında müvafiq qaydada qərarlar qəbul olunur. Xüsusi vurğulamaq istərdim ki, hərbi qulluqçu kimi xidmətə götürüləcək şəxslər mütləq qaydada respublikanın istənilən bölgəsində xidmət etməsi ilə bağlı öhdəlik götürür. Bu kateqoriya üzrə namizədlər püşkatmada iştirak edərək xidmət yerləri müəyyənləşdirilir. Gördüyünüz kimi, proses tam şəffaf formada həyata keçirilir. Bir sözlə, Xidmət savadlı kadrların xidmətə və ya işə götürülməsində maraqlıdır və bu məsələ daimi nəzarətdə saxlanılır.
“REAL TV”: Cənab general, korrupsiya ilə mübarizəyə başladınız, bu mövzuda elə təkcə Real TV kifayət qədər reportaj hazırladı. Sərt tədbirlərin şahidi olduq. Bəs, şəffaflığı tam təmin edə bildinizmi? O köhnə qaydalardan xilas olmaq yəqin asan olmadı. Dövlət Xidmətində korrupsiya faktları üzrə həbs olunanlar, vəzifəsindən azad edilənlərin statistikasını açıqlaya bilərsiniz?
- Əlbəttə, bu sahədə statistika mövcuddur. Statistik məlumatlar mütəmadi olaraq, mediada işıqlandırılır. Xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilməkdədir. Statistik göstəricilərə nəzər salsaq, 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib. Qeyd olunan statistika məni heç də sevindirmir. Xüsusi olaraq qeyd etmək istərdim ki, korrupsiyada bir tərəf iştirak etmir, vətəndaşlarımızın da bu prosesdə məsuliyyəti var. Bir daha da vətəndaşlarımızı eləcə də, mətbuat nümayəndələrini Xidmətlə bağlı məlumatlar ictimailəşdirilərkən obyektiv olmağa çağırmaqla yanaşı, əmin etmək istəyirəm ki, Xidmətə daxil olan hər bir məlumat araşdırılır, nəticədə müvafiq qaydada qərarlar qəbul olunur.

APA: Qeyd etdiniz ki, korrupsiya faktlarında bir tərəf iştirak etmir, vətəndaşlarımızın da bu prosesdə məsuliyyəti var. Sualım elə bu istiqamətdə olacaq. Necə düşünürsünüz, aparılan islahatlardan sonra vətəndaşların neqativ hallardan çəkindiyini demək olarmı?
- Düşünürəm ki, bu suala cəmiyyət özü cavab versə, daha yaxşı olar. Bu suala cavab verərkən əsas məqama toxunmaq istərdim ki, neqativ halların aradan qaldırılması üçün vətəndaşların hüquqi baxımdan maarifləndirilməsi çox önəmlidir. Xidmətin fəaliyyətini tənzimləyən hüquq və normalar internetdə mövcuddur və hər kəs onları oxuyub maariflənə bilər.
“REAL TV”: Hərbi xidmətə çağırılan, lakin yayınan şəxslər də var. Bunu tez-tez sizin mediaya təqdim etdiyiniz məlumatlarda da görürük. Bununla bağlı hansı tədbirlər görülür?
- İlk olaraq müəyyənləşdirmək lazımdır ki, yayınan şəxslər kimlərdir və nədən yayınırlar? Burada çağırışçılar çağırış prosesindən və ya hərbi vəzifəlilər təkrar tibbi şəhadətləndirmədən, eləcə də təlim toplanışlardan yayınırlar. Yəni konkret olaraq, kateqoriyalar var. El arasında “neqodnı” sözündən çox istifadə edirlər. Burada 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub. Burada maarifləndirmə məsələləri çox böyük əhəmiyyət kəsb edir. İlk olaraq onların tapılmasında ərazi polis orqanlarına müraciət olunur və birgə axtarış tədbirləri aparılır, inzibati məsuliyyətə cəlb olunurlar. Yeri gəlmişkən Sizin vasitənizlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına bizə yaxından dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istərdim. Yayınma halları davam etdirdikdə sərhədkeçməyə məhdudiyyət tətbiq olunur, tapılmadıqda isə materiallar prokurorluq orqanlarına göndərilir. Artıq Cinayət Məcəlləsində də bununla bağlı dəyişiklik edilib və 321-ci maddənin qeyd hissəsində bu təsbit olunur. Xidmət yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil. Bir daha da vətəndaşlarımızı yayınma hallarına yol verməməyə çağırıram. Mənim çağırışım əsasən valideynlərə olacaq. Oğlanların gələcək həyatında müddətli həqiqi hərbi xidmət keçməsi çox vacibdir. Həm “kişilik məktəbi”dir, həm də onlar gələcək həyatlarında hər hansı bir qurumda işləməsi üçün müddətli həqiqi xidmət keçməsi mühüm şərt hesab olunur.

“REAL TV”: Ümumiyyətlə, hərbi xidmətdən yayınan şəxslər çoxdur?
- Bu prosesi Xidmət daxilində tənzimləməyə çalışırıq. Faktlar var, bununla bağlı mediada da məlumatlara rast gəlirik, amma bu, kütləvi deyil. Bəzi hallarda prokurorluq orqanları cinayət işlərinə başlanmasını həyata keçirirlər. Bu gün məhkəmə qərarları da mövcuddur. Amma bir daha deyirəm ki, biz həmin faktların kriminallaşdırılmasında maraqlı deyilik. Biz vətəndaşları nizam-intizama çağırırıq. Bu yerdə “neqodnı” olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar.
APA: Cənab general, bəzi hallarda çağırışçıların tibbi müayinəsi ilə bağlı narazılıqlarla rastlaşırıq. Çağırışçıların tibbi müayinəsinin daha şəffaf və obyektiv keçirilməsi üçün hansı nəzarət mexanizmləri mövcuddur? Tibbi ekspertiza ilə bağlı fəaliyyətə nəzarət imkanı varmı? Narazılıqlar nə dərəcədə əsaslı sayılır?
- Hər bir fakt fərdi qaydada araşdırılmalıdır. Bu gün birmənalı desək ki, hər şey düzdür, yaxud hər şey səhvdir, doğru olmaz. Bu yerdə xatırlatmaq istərdim ki, qəbul olunmuş qərara əsasən 2024-cü ilin iyul ayının 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” və “sıradankənar həqiqi hərbi xidmətə yararlı” kateqoriyalar üzrə yerli çağırış komissiyaları tərəfindən qərarları qəbul olunmuş şəxslərin yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir. Çıxarılmış tibbi rəyə əsasən Xidmətdə qərarlar qəbul olunur. Agentliyin nəzdində apelyasiya şurası fəaliyyət göstərir. Vətəndaşlar qəbul olunan tibbi rəylərdən və sonradan Xidmət tərəfindən qəbul olunmuş qərarlardan narazı qaldıqları halda məhkəmə orqanlarına müraciət edə bilərlər. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimlərinin əməyini qeyd etmək istərdim. Onlar çox böyük iş görürlər. Gün ərzində təxminən 400-dən çox insana yekun tibbi şəhadətləndirmə həyata keçirilir. Bu, çox məsuliyyətli işdir. Burada məsuliyyət var, hər bir rəylə bağlı həkimlər öz imzaları ilə məsuliyyət daşıyırlar. Biz bu prosesi elektron qaydada həyata keçiririk.

APA: Sualımı bir az daha konkretləşdirmək istərdim. Sizin qurum Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının tibbi şəhadətləndirməsinə nəzarət edə bilirmi?
- Agentlik tərəfindən yekun tibbi şəhadətləndirmə həyata keçirilir, qərar isə Xidmət tərəfindən verilir. Təbii ki, bu sahədə nəzarət mexanizmi mövcuddur. İlk olaraq, proses haqqında danışaq ki, vətəndaşlara bu daha da aydın olsun. İstər çağırışçı, istər hərbi vəzifəlilər ilk olaraq, mütləq tibbi müayinələrdən keçirlər. Mütləq tibbi müayinələr qanunvericilikdə nəzərdə tutulub. Bundan sonra bu müayinələrin cavabları elektron qaydada Xidmətə daxil olur. Xidmətdə daimi əsaslarla yerli hərbi həkim komissiyası fəaliyyət göstərir. Həmin hərbi həkim komissiyasında olan həkimlər bizə TƏBİB-dən və Səhiyyə Nazirliyindən ezam olunurlar. Mütləq müayinələrin nəticələrinə həmin komissiyada baxılır, həmin şəxslərə əyani şəkildə də baxış keçirilir. Əyani baxışda komissiyadakı həkimlər həm mütləq müayinələrin nəticələrinə əsasən, həm də vətəndaşların sağlamlıq durumu ilə bağlı səsləndirdikləri fikirləri uyğunlaşdırıb qərara gəlinir. Bəzi hallarda mütləq müayinələrin cavabında hər hansı normadan kənara çıxma hallarına rast gəlinmir, amma vətəndaş bununla razılaşmırsa, həkimlər əlavə müayinəyə göndərişə ehtiyac görmür. Amma normadan kənara çıxma halı olarsa, həkimlər vətəndaş üçün əlavə müayinə təşkil edirlər. Burada müxtəlif xəstəliklər ola bilər: skaliozlar, yastıpəncəlilik və sair. Bu zaman əlavə müayinə artıq ixtisaslaşmış klinikalarda həyata keçirilir. Həmin şəxslər o klinikalara göstərilən vaxtda getməyə məcburdur. Bəhs etdiyim bütün müayinələr tamamilə pulsuzdur. Bu proseslərə dövlət kifayət qədər vəsait xərcləyir. Qanunda nəzərdə tutulub ki, çağırışçılar, hərbi vəzifəlilər növbədənkənar şəkildə bu müayinədən keçsinlər. Oradan gələn cavablar elektron qaydada bizim yerli struktur bölmələrə daxil olur. Orada yerli çağırış komissiyaları fəaliyyət göstərir, qərarı artıq onlar verir. Bu zaman həkimlər tərəfindən daxil olan məlumatlar bir daha təhlil olunur və nəticəyə gəlinir. Məsələn, yerli komissiya vətəndaşın “müvəqqəti yararsız” olması ilə bağlı qərar qəbul etdikdə, bu qərarın təsdiqlənməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Mərkəzi Hərbi-Həkim Komissiyasına aiddir. Bu, komissiya Xidmətin nəzdində fəaliyyət göstərir və ştatda olan işçilərimizdən ibarətdir. Həmin komissiya ixtisaslı həkimlərdən ibarətdir və Xidmətin işçiləridir. Onlar qərara yenidən baxış keçirir və ehtiyac olduqda vətəndaşları yenidən komissiyaya dəvət edirlər. Komissiya yerli komissiyanın qərarı ilə razılaşa da bilər, razılaşmaya da bilər. Bu prosesdə istər yerli qurumlarda ezam olunmuş həkimlər, istər Xidmətin nəzdində fəaliyyət göstərən Mərkəzi Hərbi-Həkim Komissiyasında, istərsə də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən həkimlərin məsuliyyətləri çox böyükdür. Vacib məsələ budur ki, yekun qərara həkimlər gəlməlidir, hərbçilər yox, zabitlər yox. Tibbi şəhadətləndirmə həkimlərin funksional vəzifələridir, onlar məsuliyyəti dərk etməlidirlər. Digər məqama da diqqət çəkmək istəyirəm. Bəzi hallarda valideynlər, onların övladları xəstəliklər haqqında ümumiyyətlə, məlumatsız olurlar. Bəzən ilk dəfə bizim komissiyalarda onların hər hansısa xəstəliyinin olması üzə çıxır. Dolayısı ilə vətəndaşlar üçün “check-up” həyata keçirilir. Görün, dövlət nə qədər vəsait xərcləyir. Ona görə də vətəndaşlardan xahişimiz odur ki, vaxtında komissiyalardan keçsinlər.

“REAL TV”: Azərbaycanda hərbi xidmətə çağırışla bağlı yaş həddi 35-dən 30-a endirilib. Necə fikirləşirsiniz, bu dəyişiklik öz effektini verirmi, dövlətin xərcləri azalıbmı?
- Bilirsiniz, bu layihə hazırlanarkən Xidmət çoxlu aspektləri təhlil edib və nəticədə yaşı 30-dan yuxarı olanların sağlamlıq durumlarının gənclərlə eyni olmadığını, digər tərəfdən isə bu kateqoriyaya məxsus vətəndaşlarımızın əksəriyyəti ailəli olmaqla yanaşı, haradasa işləmələri haqda qənaətə gəldiyindən layihənin son versiyası işlənilib və aidiyyəti üzrə təqdim olunub. Cənab Prezident humanist addım ataraq bu dəyişikliyə razılıq verib və nəticədə qanunvericilik dəyişib. O ki qaldı xərclərin azalmasına, təbii ki, yaş həddinin aşağı salınması bu meyara da müsbət təsir göstərib.
APA: Cənab general, artıq rəqəmsallaşma dövrün tələbidir. Xidmət tərəfindən elektron xidmətlərin genişləndirilməsi istiqamətində hansı addımlar atılıb və bu, hansı istiqamətləri əhatə edib? Ümumiyyətlə, şəffaflığı təmin etmək məqsədilə həyata keçirdiyiniz rəqəmsallaşma layihələrinin rolu nə qədərdir?
- Xidmətin bütün funksionallığı üzrə rəqəmsallaşmaya dair qərar verilib və artıq bir çox proseslər elektron formada həyata keçirilir. Rəqəmsal layihələrin tətbiqinin əsas məqsədi müasir tələblərə uyğunlaşmaqla yanaşı, həmçinin vətəndaşla təmasın minimuma endirilməsinə yönəlib. Əslində, bu kimi layihələr şəffaf fəaliyyətə də müsbət təsir göstərir. Bu məqamda xüsusən Xidmətin daxilində MyGov-un tətbiqinə start verilməsi və həmin proses çərçivəsində tətbiqdən istifadə olunması prioritetlərdən biridir. Hazırda MyGov-dan 6 növ arayışın onlayn əldə olunmasına və çağırış vərəqələrinin, məlumatlandırmanın və göndərişlərin elektron qaydada göndərilməsinə nail olmuşuq. Bir daha da vətəndaşlara müraciət edərək bildirmək istərdim ki, mütləq qaydada MyGov tətbiqini yükləyib orada qeydiyyatdan keçsinlər. Bu bizim vətəndaşla olan rabitə kanalımızdır. Bu gün müvafiq hüquq normalarına uyğun olaraq, vətəndaşlar üçün bəzi tələblər var. Məsələn, hərbi vəzifəlilər ölkəni 3 aydan artıq tərk etdikdə, onlar bununla bağlı yerli struktur bölmələrə məlumat verməlidirlər. Əgər bunu etmirlərsə, inzibati qaydada cərimələnə bilərlər. MyGov vasitəsilə evdən çıxmadan bu məlumatların bizə ötürülməsinə şərait yaradılır.
“REAL TV”: Ən çox müzakirə olunan məsələlərdən biri də ölkədə hərbi xidmət müddətinin azaldılması, ödənişli hərbi xidmətin tətbiqidir. Ölkədə hərbi xidmət müddəti azaldıla bilərmi? Qonşu Türkiyədə ödənişli hərbi xidmət təcrübəsi də mövcuddur. Bu təcrübənin Azərbaycanda da reallaşdırılması nəzərdə tutulurmu?
- Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir. Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur.

APA: Cənab general, təhsil möhləti ilə bağlı məsələyə münasibət bildirməyinizi istərdim. Xaricdə əyani təhsil alan bəzi tələbələr möhlət problemi ilə üzləşdiklərini iddia edirlər. Digər tərəfdən, bəzi hallarda gənclər xaricdə təhsil adı altında hərbi xidmətdən yayınırlar. Bu sahədə hansı nəzarət mexanizmləriniz mövcuddur?
- Təhsil möhlətlərinin verilməsi qanunvericilikdə əks olunub. Akkreditasiyası olan, yəni, həmin ölkədə təhsil fəaliyyəti ilə məşğul olan, lisenziyaya malik təhsil ocaqlarına qəbul olunmuş, orada əyani, yəni fiziki olaraq təhsil prosesində iştirak edən və müvafiq qaydada təhsil arayışına apostil verilmiş və Azərbaycan dilinə tərcümə olunan, həmçinin, notarial qaydada təsdiqlənmiş sənədləri qanunla nəzərdə tutulmuş vaxtda Xidmətin yerli struktur bölmələrinə təqdim olunmuş şəxslərə təhsil möhlətləri verilir. Bu məqamda Cənab Prezidentdən sitat gətirmək istəyərdim - “Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır.” Təhsil möhlətlərinin verilməsində normalar mövcuddur, sadəcə, maariflənmək lazımdır. Bu məsələni aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam. Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və onlara təhsil möhlətləri verilir. Amma bəzi hallarda nə baş verir? 3 ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunursa, 1 gün, 3 gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. 1 gündə, 3 gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı? Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alır? İnandırıram sizi biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar. Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq.
APA: Cənab general, Sizin müavininiz parlamentdə də bu məsələ ilə bağlı müzakirələrdə iştirak etmişdi və universitetlərin statistikasını qeyd etmişdi. Azərbaycanda diplomu tanınmayan universitetlərə müraciət edən gənclərlə bağlı faktlar olduğunu da qeyd etmişdi. Bu sahədə hansı yeniliklər var? Buna nəzarət mexanizmi ilə bağlı hansı planlar mövcuddur?
- Belə faktlar mövcuddur. Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında Azərbaycanda tanınan təhsil ocaqlarının siyahısı dərc olunub. Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər. Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Artıq Xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır. Biz mütəmadi olaraq, bu problemlə rastlaşırıq. Xidmət Azərbaycan gənclərinin savadlı olmasının marağındadır, savadlı, bilikli kadrlar bizim ölkənin qürur mənbəyidir.
“REAL TV”: Təkliflər nədən ibarətdir?
- Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də oxuyan uşaqlar zərər görməsin. Burada yeni normalar yaradılmalıdır. Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alır. Digəri isə arayış əsasında sadəcə vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox...
APA: Bəs təklifləri nə zaman təqdim edəcəksiniz? Qanunvericiliyə dəyişiklik nə zamana gözlənilir?
- Təkliflər artıq formalaşıb. Hazırda normayaratma prosesi həyata keçirilməkdədir. Biz aidiyyəti qurumlarla bu məsələləri razılaşdırırıq. Tez zamanda normalarla bu prosesi tənzimləyəcəyik.
“REAL TV”: Vətəndaşların hərbi toplanışlara və təlimlərə olan marağını necə qiymətləndirirsiniz?
- Maraq artmaqdadır. Hətta bizə könüllü olaraq, təlim-toplanışlara cəlb olunmaq üçün müraciət edənlər də var. Amma bəzən vətəndaşlar elə başa düşürlər ki, əgər müddətli həqiqi hərbi xidməti bitiribsə, onun bizim qurumla bütün əlaqələri bitir, əslində isə belə deyil. Çünki ordu sıralarından tərxis olunanları biz artıq hərbi vəzifəli kimi qeydiyyata alırıq və onlar ehtiyata verilir. Vətəndaşların təlim toplanışlarda iştirakı qanunvericiliklə nəzərdə tutulduğundan hər birimizin həmin prosesdə iştirakı çox vacibdir. Hərbi vəzifəlilərə çağırış etmək istəyirəm ki, prosesdə aktiv olsunlar.
“REAL TV”: Bu təlimlərin keçirilmə səbəbi nədir və müddətləri necə müəyyən olunur?
- Bu təlimlərin keçirilmə müddəti daxil olmuş sifarişdən asılıdır. Təlimlərin keçirilməsi qanunda nəzərdə tutulub. Bizim Xidmət burada sifarişin icrasıdır. Sifariş Müdafiə Nazirliyindən daxil olur və Xidmət onları təlimdə iştirak edəcək hərbi vəzifəlilərlə təmin edir.
Foto - İlkin Nəbiyev APA GROUP