Ana Sayfa > Karusel / Region > Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir

Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir


Bu gün, 13:49. Yazar: Admin

Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir

Ermənistan–Türkiyə dəmir yolunun tezliklə işə düşəcəyinə ümid edirik.

“Armenpress” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bu müddət ərzində bizim yeni nəqliyyat imkanlarımız da yaranıb. Axalkalaki–Qars dəmir yolunun hər iki xətti fəaliyyət göstərir. Mən bu məsələni Gürcüstan Baş naziri ilə də müzakirə etmişəm və o, hər iki istiqamətdə heç bir problem olmayacağını təsdiqləyib. Biz bunu Türkiyə Prezidenti ilə də danışmışıq və o, bu istiqamətlərin açıq olduğunu təsdiqləyib.

Ümid edirik ki, Ermənistandan Türkiyəyə gedən dəmir yolu da mümkün qədər tez işə salınacaq. Bundan əlavə, TRIPP layihəsi çərçivəsində imkanlar əhəmiyyətli dərəcədə artacaq”, — Paşinyan bildirib.

Baş nazir TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan infrastruktur barədə də danışıb: “Mən TRIPP layihəsi çərçivəsində üç məsələnin olacağını dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Bu üç məsələnin həyata keçiriləcəyinə 100 faiz əminəm.

Digər iki məsələ ilə bağlı niyə əmin deyiləm? Çünki orada resursların mərkəzləşdirilməsi və boru kəmərlərinin çəkilməsi kimi mövzular var. Bunlarla bizdən daha çox tərəfdaşlarımız məşğul olmalıdır.

Bu üç məsələnin həyata keçirilməsi artıq sülh deməkdir. Təsəvvür edin, biz Azərbaycana gedib-gəlirik, Azərbaycan da Ermənistan ərazisindən keçərək gedib-gəlir, qatarlar hərəkət edir və s. — bu, elə sülhdür”.

Qeyd edək ki, hökumət dairələri bu günlərdə Ermənistandan Türkiyə vasitəsilə Livana humanitar yardım göndəriləcəyini və bunun üçün “Marqara” sərhəd-keçid məntəqəsinin bir neçə gün müddətinə açılacağını bildiriblər.


Geri dön