Ana Sayfa > Karusel / Müsahibə / Qarabağ > Ordumuz Şuşaya necə girib?
Ordumuz Şuşaya necə girib?28-01-2021, 11:36. Yazar: Admin |
Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibə verib. Qarabaginfo.az həmin müsahibəni təqdim edir: – Çoxları üçün Tehran Mənsimovun həyatı maraqlıdır. Siz özünüzü oxuculara necə təqdim edərdiz? – (Gülür). Ən yaxşısı başdan başlamaqdır... – ...Siz artıq başlanılmış işi tamamlayanlardansınız... – Dövlətimizin və güclü ordumuzun sayəsində... 1972-ci ildə Qusar rayonunun Düstahir kəndində anadan olmuşam. 1989-cu ildə məktəbi bitirdikdən bir il sonra Sovet İttifaqı zamanında ordu sıralarında xidmətə başlamışam. 1992-ci ildə xidməti başa vursam da, Qarabağ müharibəsi başladığına görə Azərbaycan Silahlı Qüvvələrində xidmətimi davam etdirmişəm. O vaxt vahid birlik, komandanlıq olmadığından könüllü müraciət etmişdim. Peşəkar zabit çatışmazlığı mövcud idi. Demək olar ki, ovaxtkı tabor komandirləri ixtisasından asılı olmayaraq, yerli ağsaqqallardan, hörmətli şəxslərdən seçilirdi. Bizə tabor komandiri təyin olunan şəxs ixtisasca çilingər olsa da, çox qabiliyyətli bir insan idi. O vaxt başa düşürdük ki, vahid ordu olmadığından bizi çox ağır günlər gözləyir. Hər tərəfdən hücum təhlükəsi ilə üz-üzə idik. Başçılıq etdiyim taqım düşmən hücumunu dəf etmişdi. Füzuli rayonunun Qacar kəndində yüksəkliyin əldə saxlanılmasından sonra artıq kollektiv içərisində rəğbət qazanmışdım. Bundan sonra briqada komandiri zabit olmağı təklif etdi. Həmin vaxt Bakı Birləşmiş Zabitlər Məktəbində kəşfiyyat kursları başlamışdı. 1992-ci ilin fevral ayında həmin məktəbə daxil oldum. Bir il sonra kursda 354 nəfərin birincisi olduğuma görə leytenant rütbəsi aldım və yenidən Füzuli bölgəsinə yola düşdüm. İkinci Qarabağ müharibəsində qazandığım uğurlarda Birinci Qarabağ müharibəsində qazandığım təcrübənin rolu vardır. 24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuşam və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə – birinci olaraq bitirmişəm. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişəm. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Orduda xidmətə başlamışam və Şahbuz rayonundakı hərbi hissənin komandiri olmuşam. Hazırda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edirəm. – Bu müddət ərzində bir çox məlumatlar paylaşıldı, xəbərlər dərc olundu. Amma bizim diqqətimizi daha çox ümummilli lider Heydər Əliyevlə cəbhə bölgəsində çəkilmiş bir fotonuz çəkdi. Həmin hadisəni necə xatırlayırsınız? – 1994-cü il Horadiz istiqamətində uğurlu əməliyyat aparılmış, hansı ki, həmin dövrdə ulu öndərimiz xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdı, 22 kənd, Horadiz qəsəbəsi uğurla müdafiə olunmuşdu. Bu uğurlu əməliyyatda iştirak edən 160 nəfərdən biri də mən idim. Baş leytenant kimi o əməliyyatdan sonra tabor komandirini əvəz edirdim. Dedilər ki, ulu öndər taborla görüşməyə gəlir. O zamanlar böyük kazarmalar yox idi. Kazarmaları işğaldan azad edilmiş komalar əvəz edirdi. Ulu öndərimiz gəldi, hər birimizlə tək-tək görüşdü. Ulu öndər bizimlə çox səmimi şəkildə söhbət etdi, zarafatlaşdı, silahı əlinə götürüb nişan almağı göstərdi. Görüşərkən mənə “rütbən nədir?” – dedi. Dedim “baş leytenant”. Dedi “bu gündən kapitansan”. Elə ilk rütbəmi də ulu öndərimiz verib. – Bildiyimizə görə bu görüş sizi yenidən orduya, hərbi peşəyə bağlayıb... – Etiraf edim ki, həmin vaxt ulu öndərin fikirləri, dəyərli sözləri, eyni zamanda həmin günkü hadisə mənə xidmət etməyim üçün əlavə stimul verdi. Mənim uğurlu hərbi yolum məhz ulu öndərin adı ilə bağlıdır. – Vətən müharibəsində ordumuzun qələbə qazanmasının əsas səbəbi kimi nəyi göstərə bilərsiz? – Təbii ki, ilk növbədə, vahid komandanlığın olmasını. Ali Baş Komandanımızın, Prezident cənab İlham Əliyevin rəhbərliyi və apardığı uğurlu ordu quruculuğu siyasəti qələbənin əsasını təşkil etdi. – Ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında əsas məsələlərdən biridir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı... – Hər kəs bilir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu böyük gücə malikdir. İstər peşəkar zabitlərin olması, istərsə də yeni, müasir silah-sursat, texnikalarla təmin edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə rəhbərliyi ilə görülən işlər gücümüzü daha da artırır. Xüsusilə bu prosesdə təlimlərin rolu danılmazdır. Hər il keçirilən taktiki təlimlər inkişafımızın təməl prinsiplərindəndir. Ona görə də mən fəxrlə deyirəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda peşəkar zabit və döyüşçü kimi özümü formalaşdırmışam. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında mühüm hərbi-strateji əhəmiyyətə malik yeni mövqelər, ümumilikdə, 11 min hektara yaxın ərazi işğaldan azad edildi. Günnüt əməliyyatı Naxçıvanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun uğurla davam etdirildiyini, Naxçıvanın müdafiə təhlükəsizliyinin təmin olunduğunu bir daha sübut etdi. Ümumiyyətlə, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda əsgərlərə, hərbçilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bunu istər şəxsi heyətin yaşayış və xidmət şəraitinin ən müasir səviyyədə qurulması, istər onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də ordu ilə olan həmrəylikdə – dövlət-xalq-ordu birliyində görmək mümkündür. Ali Məclis Sədrinin vaxtaşırı hərbi hissələrdə, sərhəd bölgələrində olması, əsgərlərlə görüşməsi hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır. Döyüş hazırlığının idarə rəisi kimi onu deyə bilərəm ki, Ali Məclis Sədrinin təsdiq etdiyi plana uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin etmək qarşımızda əsas tapşırıqdır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu müdafiəni təmin etməklə yanaşı, həm də istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir. Bu öz təsdiqini Vətən müharibəsində tapdı. Ali Məclis Sədrinin müəyyənləşdirdiyi “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı gücümüzün, birliyimizin, uğurumuzun əsasında dayanan amildir. Çünki birlik yoxdursa, uğur qazanmaq da çətindir. – Vətən müharibəsində keçdiyiniz döyüş yolundan danışmağınızı istərdik. – Əvvəlcə onu deyim ki, cəbhəyə yola düşərkən söz verdim ki, Ali Məclis Sədrinin bizə göstərdiyi etimadı doğruldacaq, zəfərə doğru irəliləyəcəyik. Əgər sağ qalsam, qələbə müjdəsini özüm verəcəm. Çox şükür ki, sözümüzün üstündə durduq. Döyüş zamanı biz Hadrut-Füzuli-Xocavənd, Hadrut-Şuşa, Hadrut-Xankəndi istiqamətlərində bölündük. Birinə şəhidimiz Anar Əliyev, digərinə isə mən rəhbərlik edirdim. İlk döyüşdən bir epizodu sizinlə paylaşmaq istəyirəm. Hadrut istiqamətində döyüşlər gedirdi. Oranın çox mürəkkəb reylefi var: həm dağlıq, həm də sıx meşəlikdir, ərazini yaxşı tanımırdıq. Çünki uzun illərdir, ermənilərin işğal etdiyi bir yer idi. Bilirdik ki, nə qədər təmizləsək də, bəlli olmayan yerlər də var. Şəhərdə pusqu qurmuşdular. Əsgərlərimiz ilk dəfə döyüşə girməsinə baxmayaraq, pusqunu yardılar. Onu deyim ki, verilən hər bir tapşırığı alnıaçıq yerinə yetirə bildik. – Şuşaya girən ilk qəhrəmanlarımızdan biri siz olmusunuz. Həmin an hansı hissləri yaşadınız? – Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir. Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi. Onu da vurğulayım ki, Naxçıvan xüsusi təyinatlılarının Hadrut şəhəri və ətrafında olan yüksəkliklərin, Qarakollu, Edili, Axullu, Düdükçü, Zərgər, Qaraçuğ, Yuxarlı Yağlıvənd, Veysəlli, Meşdağlar, Domi, Tuğ, Çanaqçı, Sığnaq, Qacar, Divanalılar kəndlərinin, eləcə də Daşaltı və Şuşanın azad olunmasında müstəsna xidmətləri olub. Hətta bir çox strateji yüksəkliklərin ələ keçirilməsində iştirak ediblər. Bu müharibədə oğullarımızın qəhrəmanlıqları ortaya çıxdı. Fiziki göstəricisindən asılı olmayaraq, elə əsgərlər, hərbçilər var idi ki, loru dillə desək, boyundan böyük qəhrəmanlıq, cəsarət göstərirdilər. Nəinki, şəhidlərimiz, bu gün sağ qalan hərbçilərimiz var ki, onlar öz qanları bahasına tarix yazıblar. 44 günlük müharibə dünya hərb tarixində yeni bir döyüş taktikası oldu. Müharibə həm də onu göstərdi ki, xalqımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib. – Həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak etmisiz. Sizcə, son müharibədə qələbəmizin əsasını nə təşkil etdi? – Təbii ki, son 44 günlük müharibədə ordumuz nəyə qadir olduğunu göstərdi. Heç şübhəsiz ki, bunun da əsasında Ali Baş Komandan tərəfindən uğurla aparılan ordu quruculuğu siyasəti, mükəmməl hərbi kadr potensialının formalaşması, müasir hərbi silahlanma – bir sözlə, sarsılmaz hərbi qüdrətimiz durur. Xüsusilə ciddi nizam-intizam, ordunun tam püxtələşməsi, zabit və əsgərlərimizin həm psixoloji, həm də döyüş hazırlığının yüksək səviyyədə olması qələbəmizin əsasını təşkil etdi. Birinci Qarabağ müharibəsi zamanı ordumuzda texnika və canlı qüvvə çatışmazlığı var idi. Eyni zamanda insanların hərbi hazırlıqsız döyüşməsi düşmənə əlavə güc vermişdi. Lakin ordu quruculuğunda aparılan uğurlu siyasət 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Ali Baş Komandanın müharibənin gedişini dəqiqliklə izləməsi və birbaşa rəhbərlik etməsi düzgün döyüş taktikasının müəyyənləşdirilməsində və qələbə qazanmağımızda əsas amil oldu. Budur əsl Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının gücü! Bir məsələni də xüsusi qeyd etməliyəm ki, Naxçıvanda yaşamaq, işləmək, xidmət etmək hər bir hərbi qulluqçu kimi, məni də qürurlandırır. Bu torpağın hər qayası, hər daşı bir tarixdir. Fürsət tapdıqca Naxçıvanı gəzirəm, daha yaxından tanıyıram. Uzun illər düşmənlə sərhəddə yerləşməsinə baxmayaraq, sabitlik, inkişaf və rifah vardır. Gəncliyə qayğı vardır. Vətəninə, dövlətinə, xalqına sadiq gənclər yetişir, formalaşır. Gəncliyə qayğı olan yerdə, vətənpərvər gənclik olan yerdə isə, deməli, etibarlı gələcək vardır. – Son olaraq nə demək istərdiniz? – Döyüşlərdən sonra, ilk növbədə, gedib şəhidlərimizi ziyarət etdim. Daha sonra Bakı Beynəlxalq Hava Limanında bizi görənlər böyük coşqu ilə qarşıladılar. Naxçıvan Beynəlxalq Hava Limanında da eyni coşqu vardı, hər kəs Qələbə sevincini bizimlə bölüşdü. Bu da hədsiz sevincimizə səbəb oldu. Mən bunu evdə hər zaman övladlarıma da deyirəm: Vətənin hər qarışı sənin qeyrətindir. Çünki bu Vətən uğrunda yüzlərlə igidimiz şəhidlik zirvəsinə ucalıb. Gənclərə demək istərdim ki, Vətən sevgisini hər şeydən üstün tutsunlar. Vətən üçün hər birimiz müsəlləh əsgər kimi formalaşmalıyıq. Bunun üçün isə dövlətimiz hər bir şəraiti yaradıb. Geri dön |