Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan Türkiyə və BƏƏ ilə "cross-border" ödənişlərinin təşkili üzrə danışıqlar aparır

Azərbaycan Türkiyə və BƏƏ ilə "cross-border" ödənişlərinin təşkili üzrə danışıqlar aparır


Bu gün, 17:21. Yazar: Admin

Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev

 

Azərbaycanın rəqəmsal ödəniş infrastrukturu çərçivəsində Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədlərarası ödənişlərin təşkili üzrə müzakirələr aparılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məqsəd vətəndaşlar və bizneslər üçün daha sürətli, ucuz və təhlükəsiz beynəlxalq ödəniş mexanizminin yaradılmasıdır:

"Hazırda dünya daha geniş və miqyaslana bilən modelə keçir. BIS-in təşəbbüsü olan "Project Nexus" müxtəlif ölkələrin sürətli ödəniş sistemlərini vahid platforma üzərindən birləşdirməyi hədəfləyir. Məsələn, Hindistan, Sinqapur, Malayziya, Tayland və Filippin artıq bu istiqamətlərdə əməkdaşlığa başlayıblar və sistemin milyonlarla istifadəçini əhatə etməsi gözlənilir. Azərbaycan da bu qlobal transformasiyadan kənar da qalmamaq üçün artıq ilk addımlarını atıb. Ani Ödənişlər Sistemi ISO 222 standartlarına keçid və rəqəmsal ödəniş infrastrukturunun inkişafı Azərbaycanın bu yeni ekosistemdə iştirak etmək üçün möhkəm baza yaradır. Bu baxımdan Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədlərarası ödənişlərin təşkili istiqamətində aparılan aktiv müzakirələr xüsusi əhəmiyyət kəsb edir. Hazırda müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmləri nəzərdən keçirilir. Məqsəd vətəndaşlar və bizneslər üçün daha sürətli, təhlükəsiz və səmərəli beynəlxalq ödəniş imkanlarının yaradılmasıdır. Bu həm regional inteqrasiyanı gücləndirəcək, həm də Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin inkişafına mühüm töhfə verəcək", - deyə o bildirib.


Geri dön