Britaniya kəşfiyyatı və digər NATO ölkələrinin kəşfiyyat xidmətləri Rusiyanın 2030-cu ildə ittifaq üzvü olan bir ölkəyə hücum edə biləcəyini təxmin edir.
Qarabaginfo.az AFP-ə istinadən bildirir ki, bu sözləri Britaniyanın Baş naziri Keir Starmer bildirib.
İngiltərənin cənub-qərbindəki pilotsuz təyyarə istehsalı müəssisəsinə səfəri zamanı danışan Starmer vurğulayıb ki, bu qiymətləndirmə ölkənin müdafiəsinin gücləndirilməsinin təcililiyini izah edir.
“Bizim və digər NATO ölkələrinin kəşfiyyat qiymətləndirməsi Rusiyanın NATO-ya hücumunun 2030-cu ildə baş verə biləcəyini göstərir”-deyə Starmer vurğulayıb.
Starmer həmçinin hökumətin iyul ayında Türkiyədə keçiriləcək NATO sammitindən əvvəl çoxdan gözlənilən on illik müdafiə planını təqdim edəcəyini açıqlayıb. O, sənədin tam maliyyələşdiriləcəyini bildirib.
Həmin günün əvvəlində Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Riçard Nayton xəbərdarlıq edib ki, ölkə Rusiyadan gələn təhdidlər fonunda müdafiə qabiliyyətlərini sürətlə artırmalıdır. BBC-yə verdiyi müsahibədə o, hazırkı dövrü 35 illik hərbi karyerasında ən təhlükəli adlandırıb.
Nayton qeyd edib ki, düşmənləri ehtiyatsız hərəkətlərdən çəkindirmək üçün silahlı qüvvələrimizin, müttəfiqlərimizlə birlikdə imkanlarını və hazırlığını artırmaq vacibdir. Britaniya hökumətinin açıqlamaları NATO-nun baş katibi Mark Ruttenin xəbərdarlıqlarını əks etdirir. Mark Rutten əvvəllər Rusiyanın növbəti beş il ərzində ittifaq ölkələrinə qarşı hərbi güc tətbiq etməyə hazır ola biləcəyini bildirib.
