Fransalı milyarder Pyer-Eduar Steren 1,4 milyard avro dəyərində qiymətləndirilən sərvətini beş övladına deyil, xeyriyyə təşkilatlarına bağışlamaq üçün ölkənin miras qanunlarının dəyişdirilməsini tələb edib.
Qarabaginfo.az xəbər verir ki, hazırda Belçikada yaşayan 52 yaşlı iş adamı Fransa Senatında keçirilən dinləmələrdə çıxış edərək, mövcud qanunvericiliyin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Fransa qanunlarına əsasən, onun sərvətinin böyük hissəsi məcburi şəkildə övladlarına ötürülməlidir.
Pyer-Eduar Steren bildirib ki, hər bir insan öz əmlakı üzərində tam sərəncam vermək hüququna malik olmalıdır.
“Bütün aktivlərimi xeyriyyə məqsədlərinə bağışlamaq istəyirəm. Hesab edirəm ki, insanlar öz mirasları ilə istədikləri kimi davranmaq hüququna sahib olmalıdırlar”, – deyə o bildirib.
Milyarderin bu təşəbbüsü Fransada miras hüququ və sərvət bölgüsü ilə bağlı geniş müzakirələrə səbəb olub. Hazırkı qanunların əsası Napoleon Bonapart dövründə qoyulub və valideynlərin övladlarını mirasdan tam məhrum etməsinə imkan vermir.
“Bloomberg” Milyarderlər İndeksinə əsasən, Pyer-Eduar Sterenin sərvəti təxminən 1,4 milyard avro təşkil edir. O, biznes fəaliyyətinə ailəsindən aldığı 5 min avro ilə başlayıb və sonradan hədiyyə vauçerləri təqdim edən “Smartbox” şirkətini quraraq böyük uğur qazanıb.
Hazırda Steren investisiyalarını “Otium Capital” şirkəti vasitəsilə idarə edir. Onun investisiya portfelinə startaplar, əyləncə mərkəzləri və müxtəlif özəl kapital layihələri daxildir.
Senatda keçirilən dinləmələr zamanı milyarderin iqtisadi və siyasi təsiri də müzakirə olunub. Son illərdə o, Fransada mühafizəkar və iqtisadi baxımdan liberal ideyaları dəstəkləyən siyasi təşəbbüslərə maliyyə yardımı göstərməsi ilə diqqət çəkib.