Almaniyanın milli aviadaşıyıcısı “Lufthansa”ya məxsus “Boeing 787-9 Dreamliner” tipli sərnişin təyyarəsinin ön şassisi Frankfurt hava limanında park edilərkən çöküb.
Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində bir neçə heyət üzvü yüngül xəsarət alıb.
“Lufthansa”nın açıqlamasına görə, insident yerli vaxtla saat 12:45 radələrində, Los-Anceles reysi üçün sərnişinlərin təyyarəyə minməsindən az əvvəl baş verib. Bildirilib ki, təyyarə dayanacaq mövqeyində olarkən ön şassi gözlənilmədən geri çəkilib və nəticədə təyyarənin burnu yerə çöküb.
Hadisə zamanı təyyarədə kabin heyəti və yerüstü xidmət əməkdaşları olub. Yaralanan işçilərə hadisə yerində tibbi yardım göstərilib.