4 iyun tarixi Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşərək həlak olan AzTV-ın operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun anım günüdür. Bütün ölkəni sarsıdan dəhşətli faciədən 5 il ötür.
Qeyd edək ki, media nümayəndələrinin həlak olduğu həmin hadisə barədə əksər xəbərlər yuxarıdakı şəkillə təqdim olunur - bu fotoda ayrı-ayrı media qurumlarında çalışan Sirac və Məhərrəm birgə əks olunub.
Qarabaginfo.az-ın Modern.az-a istinadən məlumatına görə, Azərbaycan mediasında vaxtaşırı tirajlanan bu şəklin müəllifi hadisənin canlı şahidi olan fotoqraf - "Gilavar Foto Klubu"nun rəhbəri Rəşad Mehdiyevdir.
O, Siracla Məhərrəmin yuxarıdakı şəklini hadisədən 1 gün əvvəl lentə alıb. Ertəsi gün isə onların cənazəsinin şəklini çəkməyə məcbur olub.
Fotoqraf hadisə barədə xatirəsini bölüşüb:
“1 gün fərqlə çəkdiyim fotolar... 4 iyun 2021-ci il, təxminən səhər saat 11 radələri, Kəlbəcər rayonunun Susuzluq kəndi... Kimsənin ağlına gətirəməyəcəyi başımıza gəldi. Yüz minlərlə minadan daha biri tapdalandı.
Hadisə yerindən şəhid xəbərini çatdırmaq çox çətin idi. Biz çəkdik göstərdik. Allah bir daha göstərməsin!
Həmin çəkiliş qrupuna “Qarabağı qarış-qarış gəzənlər” deyirdilər. 13 nəfərdən ibarət komandada 5 fotoqraf, 3 kameraman, 3 dron operatoru, 1 jurnalist və 1 rejissor var idi.
Məhərrəm və Siracın adı, bizim isə çəkdiklərimiz tarixə yazıldı”.
Rəşad Mehdiyevin sözlərinə görə, iyunun 4-ü səhər saatlarında planlaşdırılan çəkilişlər adi iş günlərindən biri kimi başlasa da, saat 11 radələrində hər kəsi sarsıdan həmin hadisə baş verdi: Susuzluq kəndi istiqamətində hərəkət edən və çəkiliş qrupunu daşıyan “KamAZ” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşdü.
Güclü partlayış nəticəsində AzTV-nin kameramanı Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev peşə borclarını yerinə yetirərkən şəhid oldular. Hadisə zamanı çəkiliş qrupunun digər üzvləri isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Fotoqraf o günə aid unikal arxiv şəkillərini də təqdim edib. Təqdim olunan şəkillərin bir qismi ilk dəfədir ki, geniş auditoriya üçün yayımlanır.
R.Mehdiyev deyir ki, hadisədən 5 il sonra yayımlanan bu arxiv fotoları sadəcə tarixi sənəd deyil, həm də canı bahasına həqiqətləri işıqlandıran şəhidlərin xatirəsinə sonsuz ehtiramın ifadəsidir.
Həmin an lentə alınan kadrlar təkcə bir faciənin deyil, həm də işğaldan azad edilmiş torpaqlarda Ermənistanın basdırdığı mina təhlükəsinin bəşəri miqyasını dünyaya nümayiş etdirən canlı sübuta çevrilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid olan Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyev ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.











