Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Tomas Kairysi Qafqaz regionu üzrə direktor və rəhbər vəzifəsinə təyin edib.
Bu barədə Qarabaginfo.az-a Bankdan bildirilib. Məlumata görə, təyinat 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Tomas Kairys bu vəzifədə 2026-cı ilin sentyabrında EBRD-də uzunmüddətli karyerasını başa vuraraq təqaüdə çıxacaq Alkis Drakinosu əvəz edəcək.
Məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərəcək Tomas Kairys EBRD-nin Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən Qafqaz regionu üzrə əməliyyatlarına rəhbərlik edəcək.
Litva vətəndaşı olan Tomas Kairys EBRD-yə 2006-cı ildə özəl sektordan qoşulub. O, 2011-2015-ci illərdə İstanbulda fəaliyyət göstərərək bankın Türkiyədə ilk hüquqi nümayəndəliyinin yaradılmasına rəhbərlik edib və region üzrə geniş təcrübə qazanıb.
Tomas Kairys 2022-ci ildən bankın Baltik ölkələri üzrə regional rəhbəri və Vilnüs nümayəndəliyinin başçısı olub. Onun rəhbərliyi dövründə Baltik ölkələrində dörd il ardıcıl olaraq rekord investisiya göstəriciləri qeydə alınıb. Bu müddətdə AYİB regiona 1,9 milyard avro investisiya yatırıb.
Bank qeyd edib ki, Tomas Kairys yeni vəzifəsində zəngin əməliyyat və siyasət təcrübəsi, EBRD-nin maliyyə alətləri üzrə dərin biliyi və müxtəlif bazarlarda rəhbərlik təcrübəsi ilə Qafqaz regionundakı fəaliyyətə töhfə verəcək.