7 iyun tarixində Ermənistanda təxminən 2,5 milyon seçici parlamentdəki yerlər uğrunda mübarizə aparan 18 partiya və blok arasında seçim edəcək.
Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın hakim "Mülki Müqavilə" partiyasının əsas rəqibləri qismində üç müxalif qüvvə çıxış edir: Rusiya-Ermənistan milyarderi Samvel Karapetyanın dəstəklədiyi "Güclü Ermənistan" alyansı, eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku və biznesmen Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası. Eks-prezident Serk Sarkisyanın rəhbərlik etdiyi sabiq hakim Respublika partiyası isə bu seçkilərdə iştirak etmir.
Hakim "Vətəndaş Müqaviləsi" Partiyası

Nikol Paşinyanın rəhbərlik etdiyi partiya 2018-ci il "məxməri inqilabı"ndan bəri ölkəni idarə edir və hazırda da seçkinin favoriti hesab olunur. Əsas sual partiyanın təkbaşına hökumət qurmaq və konstitusiya dəyişiklikləri etmək üçün zəruri olan konstitusion çoxluğu qazanıb-qazanmayacağıdır.
Paşinyan 2025-ci il qurultayında bəyan edib ki, qalib gələcəyi təqdirdə yeni konstitusiyanın qəbulunu nəzərdə tutan "Dördüncü Ermənistan Respublikası"nın əsasını qoyacaq. Qeyd edək ki, konstitusiyaya dəyişiklik Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əsas mane hesab olunur. Paşinyan həmçinin "Real Ermənistan" ideologiyasını təbliğ edərək erməniləri mövcud sərhədləri qəbul etməyə çağırır və müxalifəti "üçbaşlı müharibə partiyası" adlandıraraq, onların qələbəsinin yeni müharibəyə yol açacağı barədə xəbərdarlıq edir. Beynəlxalq Respublika İnstitutunun (IRI) son rəy sorğusuna əsasən, partiya 32% göstərici ilə seçkidə birincidir.
"Güclü Ermənistan" Bloku

Rusiya-Ermənistan oliqarxı, 4.4 milyard dollar sərvəti olan Samvel Karapetyanın partiyası ətrafında qurulub. Karapetyan Ermənistan kilsəsi ilə hökumət arasındakı qarşıdurmada kilsəni müdafiə etdikdən sonra siyasi proseslərə qoşulub. Hazırda "hakimiyyəti qəsb etməyə çağırış" və "çirkli pulların yuyulması" kimi ağır cinayətlərdə ittiham olunan Karapetyanın 3 ölkənin vətəndaşı olduğu məlumdur. Seçki kampaniyasını rəsmən onun qardaşı oğlu Narek Karapetyan idarə edir.
Bloka həmçinin, həbsdə olan cinayətkar Ruben Vardanyanın "Yaşamaq üçün ölkə" partiyası da dəstək verir. Karapetyanın Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə sıx əlaqələrinin olması onun xarici siyasətdə müstəqilliyini sual altına qoyur. Partiyanın onlarla üzvü seçiciləri ələ almaqda ittiham olunaraq həbs edilib. Reytinqi 6%-dir.
"Ermənistan" Bloku

Ermənistanın 1998-2008-ci illərdəki prezidenti, hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi blokdur. Köçəryanın dövrü 1 mart 2008-ci ildə 10 nəfərin ölümü ilə nəticələnən qanlı hadisələr və genişmiqyaslı özbaşnalıq, korrupsiya halları ilə yadda qalıb. Alyansa terrorçu müxalif "Daşnaktsutyun" partiyası və Respublika partiyasından ayrılan qüvvələr daxildir. Köçəryan Paşinyanı Rusiya ilə münasibətləri korlamaqda ittiham edir və Moskva ilə daha sıx inteqrasiyanı müdafiə edir. Səsvermə reytinqi 3%-dir.
"Çiçəklənən Ermənistan" Partiyası

Oliqarx Qaqik Tsarukyanın rəhbərlik etdiyi partiya seçkilərə "Ermənistan təklifi" proqramı və Andranik Tevanyanın "Ana Ermənistan" bloku ilə birgə gedir. Tsarukyan ölkədə dünyanın ən hündür İsa peyğəmbər heykəlini və "Nuhun gəmisi" kompleksini tikəcəyini vəd edir.
Lakin seçkiyə iki həftə qalmış blokun üzvü Tevanyana Rusiya kəşfiyyatının xeyrinə dövlətə xəyanət və casusluq ittihamı irəli sürülüb. Həmçinin, Rusiyanın "The Insider" nəşri Tsarukyanın Rusiya kəşfiyyatı ilə maliyyə əlaqələrini ifşa edib. Tsarukyan vaxtilə (1979-cu ildə) 2 rusiyalı turistin qrup şəklində zorlanması və qarət edilməsinə görə 7 il həbs cəzası alıb, lakin sonradan bu qərar ləğv edilib. Reytinqi 1%-dir.
"Ermənistan Meritokratik Partiyası"

2025-ci ildə qurulub, reytinqi 2%-dir. Lideri Gurqen Simonyan Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və MDB-dən dərhal çıxmasını və tamamilə Qərbə inteqrasiyasını tələb edir.
"Yeni Qüvvə" Partiyası

İrəvanın keçmiş meri, komik aktyor Hayk Marutyanın partiyasıdır. Kampaniyasını Paşinyanı hədəf alan satirik videolar üzərində qurub. Reytinqi seçki baryerindən aşağıdır.
"Ermənistan Milli Konqresi" (EMK)

Sabiq prezident Levon Ter-Petrosyanın partiyasıdır. Azərbaycan və Türkiyə ilə sülhün və logistik layihələrin tərəfdarıdır, lakin hazırda reytinqi çox aşağıdır.
"Birliyin Qanadları" Partiyası

Keçmiş ombudsman Arman Tatoyan rəhbərlik edir. Kampaniyasının Rusiya siyasi texnoloqları tərəfindən 2.5 milyon dollar qarşılığında maliyyələşdirildiyi iddia olunur. Reytinqi 1%-dir.
"Respublika" Partiyası

Avropa inteqrasiyasını müdafiə edən, lakin reytinqləri 1%-dən aşağı olan kiçik partiya.
"Hamıya Qarşı Demokratik" Partiyası

2026-cı ilin martında qurulub. Seçkilərdə qalib gəlib sistemi dəyişməyi və 100 gün sonra yenidən seçki təyin edərək siyasətdən getməyi vəd edən maraqlı bir platformadır. Lideri Nina Karapetyantsdır. Reytinqi 1%-dir.
"Köçəri" Milli Dirçəliş Partiyası

2026-cı ilin martında qurulub. "50-80 minlik özəl ordu (muzdlular) tutaraq QarabağI işğal etməyi" vəd edən marginal radikal-revanşist qrupdur. Liderləri Artak və Arman Sarkisyan qardaşlarıdır. Onlar beynəlxalq narkotik ticarəti və sənəd saxtakarlığında ittiham olunurlar. Reytinqləri sıfıra yaxındır.
"Demokratiya, Qanun və Qayda"
ABŞ-da immiqrasiya qaydalarını pozduğu üçün həbsdə olan və Ermənistanda rüşvətxorluqda ittiham edilən keçmiş hərbi polis zabiti Vardan Qukasyanın partiyasıdır. Reytinqi 1%-dir.
"Milli Demokratik Qütb"

2016-cı ildə İrəvanda polis alayını ələ keçirərək terror törədən "Sasna Srer" silahlı qruplaşmasının üzvlərindən ibarətdir. Reytinqi seçki baryerindən çox-çox aşağıdır.
Sorğular göstərir ki, kəskin anti-Azərbaycan və revanşist şüarlarla çıxış edən radikal qüvvələr erməni cəmiyyətində dəstək qazanmır. Erməni seçicisi hazırda hər nə qədər narazı olsa da, Paşinyanın təqdim etdiyi "Real Ermənistan" formulasına daha çox meyil edir.