Polşa hökuməti ibtidai məktəblərdə mobil telefonların istifadəsini məhdudlaşdıracaq qanun layihəsini təsdiqləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə hökumətin yazılı açıqlamasına bildirilir.
Məlumata görə, bu gün keçirilən kabinet iclasında ibtidai sinif şagirdlərinin məktəb binalarının içərisində və məktəbdən kənar təhsil fəaliyyətləri zamanı mobil telefonlardan və görüntü və səs yaza bilən digər elektron cihazlardan istifadəsini qadağan edən qanun layihəsi təsdiqlənib.
Qayda Polşanın səkkiz illik ibtidai təhsil sistemində 1-8-ci sinifləri əhatə edən dövlət və özəl məktəblərə şamil ediləcək.
Müəllim icazəsi ilə dərslər daxilində istifadə, sağlamlıq və ya əlillik səbəbindən verilən xüsusi icazələr və fövqəladə hallar istisna ediləcək.
Qaydaya əsasən, orta məktəblərə elektron cihazların istifadəsini tamamilə qadağan etmək və ya öz qaydaları ilə istifadə şərtlərini müəyyən etmək səlahiyyəti veriləcək.
Qanun layihəsinin 1 sentyabrda qüvvəyə minməsi gözlənilir və məktəblər 31 oktyabr tarixinə qədər daxili qaydalarını yeni qaydalara uyğunlaşdırmalıdırlar.
Hökumətin təsdiqindən sonra qanun layihəsi baxılmaq üçün Polşa Parlamentinin aşağı palatası olan Seymə göndəriləcək.