Ana Sayfa > Karusel / Siyasət > Sədr müavini: Genişmiqyaslı idarəetmə sistemi istismara verilmə mərhələsindədir

Sədr müavini: Genişmiqyaslı idarəetmə sistemi istismara verilmə mərhələsindədir


Bu gün, 14:38. Yazar: Admin

Sədr müavini: Genişmiqyaslı idarəetmə sistemi istismara verilmə mərhələsindədir

Ənənəvi enerji mənbələri ilə bərpa olunan enerji mənbələrini birləşdirmək lazımdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.

O qeyd edib ki, bunu yalnız düzgün rəqəmsal infrastruktur, kommunikasiya platformaları vasitəsilə idarə etmək mümkündür:

“Hazırda dünyada mövcud olan ən müasir SCADA sistem modellərindən biri artıq Azərenerjinin istifadəsindədir. Sistem yaxın zamanda yenilənib. Bu, sadəcə Azərbaycanın elektrik şəbəkəsinin idarə olunması və monitorinqi deyil. Sistem eyni zamanda enerji şəbəkəsinin modelləşdirilməsi, rəqəmsal analizi ilə bağlı 18 müxtəlif alətdən ibarətdir. Bizim üçün tamamilə yeni texnologiya olan WAMS (Wide Area Monitoring and Recording System), yəni genişmiqyaslı monitorinq və qeydiyyat sistemi də tətbiq olunur. Bu sistem əsasən bərpa olunan enerji mənbələrinin daha idarəolunan formaya gətirilməsi üçün hazırlanıb. Monitorinq sistemi artıq təhvil verilib və işlək vəziyyətdədir. Genişmiqyaslı idarəetmə sistemi isə hazırda istismara verilmə mərhələsindədir”.

O bildirib ki, çoxlu bərpa olunan enerji mənbələrinə malik istənilən enerji şəbəkəsi üçün ən vacib və ən çətin məsələlərdən biri hava proqnozlaşdırılmasıdır:

“Hazırda Azərenerji öz günəş və külək enerjisi proqnozlaşdırma sistemini yaradır. Bu sistem dispetçerlərə bərpa olunan enerji mənbələrindən gələcək enerji həcmlərini öncədən proqnozlaşdırmağa imkan verəcək.

Belə kombinə olunmuş enerji şəbəkəsi düzgün monitorinq, analiz mərkəzi tələb edir. Hazırda enerji sisteminin monitorinqi, analizi, məlumatların toplanması, emalı üçün bizə dəstək verən təxminən 32 proqram paketi mövcuddur.

Bütün bunların məqsədi dayanıqlı enerji təminatını qorumaqdır. Növbəti əsas hədəfimiz isə bütün bu proqram təminatlarını, monitorinq cihazlarını vahid platformada birləşdirməkdir”.


Geri dön