Şəhərlərin dayanıqlı inkişafı və azad olunmuş ərazilərin bərpası Azərbaycanın əsas prioritetlərindəndir.
Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir şəhərlərin dayanıqlı inkişafı, regional inteqrasiya və rəqəmsal iqtisadiyyatın gələcəyi barədə danışaraq, Azərbaycanın şəhərsalma siyasətində əsas prioritetlərdən birinin azad olunmuş ərazilərin bərpası olduğunu xüsusi vurğulayıb.
Mikayıl Cabbarov bildirib ki, Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı bərpa proqramı ilə azad olunmuş ərazilərdə müasir şəhər və kəndlərin qurulmasına xüsusi diqqət yetirir: “Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda yeni iqtisadi imkanların yaradılması, dayanıqlı inkişafın təmin olunması və regionun uzunmüddətli sülhə inteqrasiyası deməkdir".
Çıxışda qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları əsasında formalaşdırılır: “Biz azad olunmuş ərazilərdə müasir şəhərsalma standartlarını tətbiq edirik. Bu ərazilər gələcəyin dayanıqlı inkişaf modelini əks etdirən nümunəvi regionlara çevrilir”.
Nazir həmçinin Bakı və Sumqayıt şəhərlərinin ölkə iqtisadiyyatında roluna toxunaraq bildirib ki, bu şəhərlər birlikdə Azərbaycanın əsas iqtisadi mərkəzini formalaşdırır.
Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərinin ölkə ÜDM-inin mühüm hissəsini təmin etdiyi və urban inkişaf strategiyalarında xüsusi yer tutduğu qeyd olunub.
Mikayıl Cabbarovun sözlərinə görə, şəhərlərin gələcək inkişafı yalnız infrastrukturla deyil, həm də rəqəmsal transformasiya, xidmət sektoru və beynəlxalq əməkdaşlıqla bağlıdır.
Nazir çıxışının sonunda Azərbaycanın şəhərsalma siyasətinin əsas məqsədinin inklüziv inkişaf, regional inteqrasiya və azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə tam inteqrasiyası olduğunu vurğulayıb.