Azərbaycan iqlimədavamlı şəhər gələcəyinin formalaşdırılması üçün göstərilən səylərə töhfə verməyə, dialoq və əməkdaşlığı gücləndirməyə sadiq qalır.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Erkən xəbərdarlıqlar və davamlı şəhərlər” adlı tədbirdə Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev deyib.
O qeyd edib ki, erkən xəbərdarlıq sistemləri yalnız rəqəmlərlə ölçülmür, onlar insan həyatını xilas edir:
"Qlobal səviyyədə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, hələ də bir sıra problemlər qalmaqdadır. Bunlara məhdud maliyyə və institusional imkanlar, məlumat boşluqları və kommunikasiya maneələri daxildir. Bu problemlərin həlli hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq tələb edir.
Heç bir ölkə dayanıqlılığı təkbaşına qura bilməz. Heç bir şəhər təkbaşına uyğunlaşa bilməz. Tərəfdaşlıqlar, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə davamlı şəhər gələcəyinin formalaşdırılmasında həlledici rol oynayacaq".