Ana Sayfa > Karusel / Siyasət > Aygün Əliyeva: İnklüziv şəhər anlayışı fiziki infrastrukturla məhdudlaşmır

Aygün Əliyeva: İnklüziv şəhər anlayışı fiziki infrastrukturla məhdudlaşmır


Bu gün, 09:58. Yazar: Admin

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva

 

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada təxminən 1,3 milyard insan, yəni hər 6 nəfərdən biri əlilliklə yaşayır. Bu göstərici inklüziv şəhər siyasətlərinin qlobal prioritet olduğunu bir daha təsdiqləyir.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” sessiyasında çıxışı zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva səsləndirib.

O bildirib ki, inklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır:

“Bu anlayış həmçinin əlçatan nəqliyyat sistemlərini, maneəsiz ictimai məkanları, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış informasiya mühitini, eləcə də rəqəmsal xidmətlərə bərabər çıxışı əhatə edir. Belə yanaşma nəticə etibarilə bütün vətəndaşların şəhər həyatında tam və səmərəli iştirakını təmin edir”.

Aygün Əliyeva vurğulayıb ki, Azərbaycan da bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir:

“Son illərdə ictimai infrastrukturun əlçatanlığının artırılması, sosial xidmətlərin daha inklüziv hala gətirilməsi və şəhər mühitinin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan işarə dilinin tanınması, həmçinin sosial müdafiə sistemi çərçivəsində həyata keçirilən islahatlar dövlətin bu sahəyə sistemli yanaşmasının göstəricisidir”, – deyə o qeyd edib.


Geri dön