Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyi Azərbaycanın ən məşhur mineral su yataqlarından biridir.
Qarabaginfo.az xəbər verir ki, su mənbədən 60 dərəcədən yüksək temperaturda çıxır. Tərkibinə görə gündəlik istifadə üçün yararlı hesab olunan təbii qazlı “İstisu” mineral suyu zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir. Xarici balneologiya mütəxəssisləri də suyun xüsusiyyətləri ilə bağlı müsbət rəylər bildiriblər.
“İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Lakin 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasından sonra zavodun fəaliyyəti dayandırılıb.
2020-ci ildə Qarabağın işğaldan azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. Bu çərçivədə 2022-ci ilin 26 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub.
Müəssisədə tikinti və quraşdırma işləri 2024-cü ildə tam başa çatdırılıb. 2024-cü ilin 2 sentyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə zavodun açılışı olub. Bununla da uzun fasilədən sonra “İstisu” mineral suyunun istehsalı yenidən bərpa edilib.
Hazırda zavodun illik istehsal gücü 100 milyon şüşədən artıqdır. Müəssisədə bütün istehsal prosesləri yerli və beynəlxalq standartlara uyğun təşkil olunub. Zavodda avtomatlaşdırılmış su doldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemi quraşdırılıb.
Ən son alman texnologiyalarının tətbiqi suyun təbii xüsusiyyətlərinin qorunmasına və yüksək keyfiyyətli məhsul istehsalına imkan yaradır. İstehsal olunan suyun tərkib göstəriciləri dünyanın aparıcı laboratoriyalarında yoxlanılır.
Müəssisədə ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir. Tullantıların minimuma endirilməsi və enerji sərfiyyatına qənaət məqsədilə müasir texnologiyalardan istifadə olunur.
Hazırda zavodda 96 nəfər çalışır. Onlardan 54-ü Kəlbəcər sakinidir.
Qeyd edək ki, “İstisu” mineral suyu hazırda bir sıra xarici ölkələrə ixrac olunur və məhsulun dünya bazarındakı ixrac potensialı getdikcə artır.