ABŞ prezidenti Donald Tramp özünün “aradan götürüləcəyi” halda vitse-prezident Cey Di Vens üçün məktub qoyub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə prezidentin köməkçisinin müavini Sebastian Gorka “Pod Force One” podkastında bildirib.
“Nyu-York Post”un məlumatına görə, Gorka qeyd edib ki, Tramp sui-qəsdin qurbanı olacağı təqdirdə tətbiq ediləcək “varislik qaydaları” mövcuddur. Ağ Evin nümayəndəsinin sözlərinə görə, onun hansısa “xarici rəqibin” belə bir addım atacağı ilə bağlı narahatlığı yoxdur.
“Resolute masasının siyirməsində vitse-prezidentə ünvanlanmış məktub var, əgər prezidentlə bağlı nəsə baş versə… Bizim protokollarımız var, mənə inanın”, - deyə Gorka bildirib.
Donald Tramp son illərdə bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb. Belə ki, 2024-cü ilin iyulunda seçkiqabağı kampaniya zamanı keçirilən mitinqdə 20 yaşlı Thomas Crooks səkkiz dəfə atəş açaraq Trampın qulağından yaralanmasına səbəb olmuşdu. Atəş açan şəxs Məxfi Xidmətin əks-snayper qrupu tərəfindən zərərsizləşdirilmişdi.
Həmin ilin payızında isə Federal Təhqiqat Bürosu Floridadakı qolf klubunda Trampa qarşı planlaşdırılan sui-qəsd cəhdinin qarşısını almışdı. Tramp hadisə zamanı xəsarət almamışdı. Hüquq-mühafizə orqanları 58 yaşlı Rayan Routh adlı şəxsi saxlamış, o isə 2026-cı ilin fevralında ömürlük həbs cəzasına məhkum edilmişdi.
Bundan əlavə, bu il aprelin 25-də Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyində - Trampın da iştirak etdiyi tədbirdə atışma baş vermişdi. Tədbir Vaşinqton Hilton otelində keçirilirdi. Məhz həmin oteldə 45 il əvvəl ABŞ prezidenti Ronald Reyqana qarşı sui-qəsd törədilmişdi. Ağ Ev baş verənləri Trampın həyatına sui-qəsd cəhdi kimi qiymətləndirmişdi.
May ayında isə Donald Tramp özünün “ideal varisləri” sırasında həm vitse-prezident Cey Di Vensi, həm də dövlət katibi Marko Rubionu gördüyünü bildirib. Onun sözlərinə görə, bu siyasətçilər 2028-ci il prezident seçkilərində “arzu olunan komanda” yarada bilərlər.
“Cey Di ideal variantdır”, - deyə Tramp əlavə edib.